Bakı.Trend:
Alyaskadakı görüş, əslində, Kremlin zəif mövqeyini çox aydın göstərdi. Görünən odur ki, Rusiya bu masa arxasına öz maraqlarını irəli sürməkdən çox, ABŞ qarşısında yarınmaq üçün oturdu. Sanksiyaların təsiri Moskvanı ciddi silkələyib və Putin artıq təzyiqləri yumşaltmaq üçün siyasi manevrlərə məcbur qalır. Bu, Kreml üçün prestij itkisi deməkdir.
Bu barədə Trend-ə ABŞ və Rusiya Prezidentlərinin Alyaska görüşünü şərh edən siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Tramp danışıqlarda daha sərt və lider mövqedə görünürdü:
“O, masada oyunun qaydalarını diktə edən tərəf idi. Kreml bütün jestlərinə baxmayaraq Vaşinqtonun tələb və şərtlərinə uyğunlaşmaq məcburiyyətində qaldı. Bu da Rusiyanın diplomatik manevr imkanlarının nə qədər məhdud olduğunu göstərir.
Aydın oldu ki, Moskva indi ABŞ-yə qarşı müstəqil alternativ siyasət yürütmək iqtidarında deyil. Putinin yeganə məqsədi – Qərbin tətbiq etdiyi sanksiyaları ləngitmək və mümkün qədər nəfəs almaqdır. Ancaq bu, Rusiyanın geosiyasi imicinə ağır zərbə vurur. Çünki böyük güc statusunu iddia edən bir dövlət bu qədər açıq şəkildə təzyiq altında qalırsa, artıq o status şübhə altındadır”.
T.İsmayılov qeyd edib ki, Trampın təcrübəsi və güclü lider xarizması Kremlin bütün addımlarını kölgədə qoydu. Rusiya tərəfinin danışıqlarda “oyunçu” yox, “xahişçi” kimi davranması nəzərdən qaçmadı:
“Bu, həm daxildə, həm də beynəlxalq aləmdə Kreml üçün mənfi siqnal sayılır. Əslində, görüşün ən böyük qalibi Tramp oldu – o, həm öz seçici bazasına mesaj verdi, həm də Rusiyanın zəifliklərini üzə çıxardı. Rusiya isə itirən tərəfdir, çünki bu masa onun gücünü yox, əksinə, asılılığını göstərdi. Alyaskadakı dialoq Kreml üçün uğurlu nəticə yox, diplomatik ifşa oldu”.
Siyasi şərhçi Aqşin Kərimov Trend-ə bildirib ki, Alyaska görüşündə Vladimir Putin Rusiyanın Ukrayna müharibəsi ilə əlaqədar maksimalist tələblərini fərqli tərzdə bir daha səsləndirmiş oldu:
“Putin bunu ABŞ Prezidenti Donald Trampla mümkün sövdələşmə kontekstində dilə gətirmiş oldu. O, ABŞ ilə Rusiyanın yaxınlığı, oxşar cəhətləri barədə kifayət qədər açıqlamalar verdi. Bununla, əslində, göstərdi ki, Donald Trampdan müəyyən güzəştlər istəyir. Ukrayna münaqişəsində Vladimir Putin əvvəlki hekayələri heç də kənara qoymadı. Əksinə, bununla bağlı öz fikirlərini nisbətən fərqli formada da olsa, ifadə etmiş oldu”.
“Donald Tramp isə öz açıqlaması ilə hələ Rusiyanın əvvəlki mövqedə qaldığını nümayiş etdirdi. Donald Trampın qısa açıqlaması da elə bu məsələyə dəlalət edir. Lakin ABŞ ilə Rusiya arasında yaxınlaşmalar, hətta Putinin növbəti görüşə işarə etməsi onu deməyə əsas verir ki, Moskvanın Trampdan müəyyən gözləntiləri var. Bunlardan biri də iqtisadi sanksiyaların aradan qaldırılmasıdır.
Rusiya sanksiyaları aradan qaldırmaqla daha da qüvvətlənməyi hədəfləyir və Ukraynadakı müharibə kampaniyasını davam etdirməyi yeni geosiyasi dizaynda prioritetləşdirmək istəyir. Lakin ABŞ-nin də strategiyası güclüdür. Birləşmiş Ştatlar Putinin hansı niyyətlə və məqsədlə oyun oynadığını yaxşı anlayır. Ona görə də bir müddət Vladimir Putinin hansı ssenari üzrə hərəkət edəcəyini Tramp izləyəcək. Ondan sonra da çıxacaq nəticələr Ukrayna müharibəsinin taleyihə həlledici təsir göstərə bilər”, - A.Kərimov qeyd edib.