Bakı.Trend:
15 avqust 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı və rəqabətli mübarizə şəraitində keçən yarışın qalibi Qarabağ Universitetinin Enactus komandası olub.
Trend xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.
Məlumata görə, respublika üzrə 24 universitet komandasının qatıldığı yarışın yarımfinal mərhələsinə 12, final mərhələsinə isə 6 komanda yüksəlib. Finalda Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları layihələrini təqdim edib və münsiflərin suallarını cavablandırıblar.
Bildirilib ki, “Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindən ibarət münsiflər heyətinin qərarına əsasən, Qarabağ Universitetinin Enactus komandası fərqlənərək birinci yerə layiq görülüb. Qələbə sayəsində Qarabağ Universitetinin Enactus komandası 2025-ci ilin 25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus Dünya Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokunda iştirak Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd edilib ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platforması hesab edilir. Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.