...

Azərbaycanda dolların məzənnəsinin sabitləşəcəyi gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2015 15:26 (UTC +04:00)
"Federal Ehtiyat Sisteminin (FES) federal kredit vəsaitləri üzrə əsas faiz dərəcələrinin əvvəlki səviyyədə saxlanması ilə bağlı qərarı çətin ki, dolların avroya nisbətdə məzənnəsinin sabitləşməsinə gətirib çıxarsın".
Azərbaycanda dolların məzənnəsinin sabitləşəcəyi gözlənilmir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ənvər Məmmədov/

"Federal Ehtiyat Sisteminin (FES) federal kredit vəsaitləri üzrə əsas faiz dərəcələrinin əvvəlki səviyyədə saxlanması ilə bağlı qərarı çətin ki, dolların avroya nisbətdə məzənnəsinin sabitləşməsinə gətirib çıxarsın".

Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

O bildirib ki, bu gün dolların digər dünya valyutalarına nisbətdə məzənnəsində cüzi də olsa, artım müşahidə edilir: "Bu artımın davam edəcəyini düşünürəm. İqtisadi nəzəriyyədə gözləmə kimi göstərici var. İş burasındadır ki, bəzən hər hansı hadisəni gözləmək hadisənin özündən daha böyük təsirə malik olur. Məsələn, FES-in əsas faiz dərəcələrinin artırılması ilə bağlı qərarı təxirə salması barədə xəbər dolların artım indeksinin 0,2 faiz yüksəlməsinə gətirib çıxardı. Nəzərə almaq lazımdır ki, FES-in bu qərarı müvəqqəti əhəmiyyət daşıyır. Məsələ 2015-ci ilin sonu və ya 2016-cı ilin əvvəlinə təxirə salınıb. Ona görə, dolların məzənnəsinin artım tendensiyasını saxlamaqda davam edəcəyini düşünürəm".

Bununla yanaşı, deputatın sözlərinə görə, hazırkı qərar xam məhsulların, xüsusilə də neftin qiymətinin artımına səbəb olmayacaq: "Bu gün dünya neft bazarında hamı İranın neft-qaz ehtiyatlarını beynəlxalq bazara tökəcəyini gözləyir. Bəli, hazırda İranda beynəlxalq "altılıq"la əldə olunmuş sazişin şərtlərinin həyata keçirilməsi ilə bağlı gücləndirilmiş işlər görülür. Ancaq 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlinə kimi İran neftinin ixrac həcmində kəskin sıçrayış gözlənilmir".

R.Quliyev bildirib ki, gözləmə və İranın SWIFT beynəlxalq banklararası sistemə qoşulması haqqında xəbər bazara təsir edir: "Həmçinin onu da qeyd etmək lazımdır ki, Çin, Hindistan və dünyanın digər böyük iqtisadiyyatlarının gələcək inkişafı zamanı resurslara, xüsusilə, neft və qaza tələb də artır. Belə olduğu təqdirdə, böyük ixracatçılara ilk növbədə gözləmə təsir edir, ancaq neftin qiymətlərində güclü dəyişikliklər gözləmək lazım deyil".

Ekspert hesab edir ki, faiz dərəcələrinin artması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının artımını ləngidə və neft də daxil olmaqla, xam məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər: "Təbii ki, karbohidrogen məhsulları, xüsusilə də neftin qiymətinin aşağı düşməsi hazırda Azərbaycan üçün arzuolunan hal deyil. Ancaq ilin sonuna kimi dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 68-70 faiz səviyyəsində qalarsa, gələcəkdə faiz dərəcələrinin mümkün artımı ölkə iqtisadiyyatına güclü təsir etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti