...

"Kod Da Vinçi" turniri uğurla başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

"Təmiz Şəhər" ASC ictimaiyyətin maarifləndirməsi istiqamətində fərqli və maraqlı tədbirlərini davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti maarifləndirmə kampaniyası son zamanlar xüsusilə gənclər arasında məşhur olan "Kod Da Vinçi" turniri şəklində təşkil olunmuşdur.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dolayı maarifləndirmə kampaniyası olan "Kod Da Vinçi" oyunu tullantıların idarəolunması və ətraf mühitin mühafizəsi sahəsində gənclərin bilikləri artırılmasına xidmət edirdi.

Qeyd edək ki, "Kod Da Vinçi" məntiqi-intellektual komanda oyunudur. Oyun zamanı komandaların növbəti mərhələyə keçmək üçün "açarları" axtarırlar. Oyunun aparıcısı tapşırığı hər bir komandanın kapitanına verir. Sualın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazidə gizlədilir. Oyunçular məntiqi sualların cavablarını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra növbəti mərhələ gəlir. Sonda ən çox mərhələ dəf edən komanda qalib gəlir.

Bu dəfə "Təmiz Şəhər" ASC tərəfindən 3 mərhələli şəkildə təşkil olunan "Kod Da Vinçi" məntiqi-intellektual oyunu tullantıların idarəolunması, ətraf mühitin mühafizəsi mövzularına həsr olunmuşdu. Oyunun birinci mərhələsi - facebook sosial şəbəkəsində keçirilən turnir gənclər tərəfindən böyük maraqla qarşılanmışdır. "Təmiz Şəhər" ASC-nin facebook səhifəsində yerləşdirilmiş sualların cavablandırılmasında gənclər aktiv iştirak etmiş və ən çox xal toplamış 60 nəfər ikinci mərhələyə keçmişdir.

Növbəti mərhələ mayın 11-də Qala qəsəbəsində təşkil olunmuşdur. Bu mərhələdə əsas hədəf Qala qoruğunun müxtəlif yerlərində gizlədilmiş "açarları" toplamaqla digər mərhələyə keçmək idi. 5 nəfərdən ibarət 12 komanda verilmiş məntiqi sualların "açarlarını" taparaq sualları cavablandırmışlar.

Beləliklə, verilmiş 10 sualı birinci və düzgün cavablandırmış 6 komanda final mərhələsində iştirak haqqı qazanmışdır.

Mayın 25-də İçərişəhər ərazisində turnirin üçüncü - final mərhələsində 40 nəfər iştirak etmişdir. İştirakçılara daha mürəkkəb suallar ünvanlandırılmış və verilmiş sualları hamıdan birinci cavablandıran komanda qalib olmuşdur. Qaliblər "Təmiz Şəhər" ASC tərəfindən sertifikat və mükafatlarla təltif olunmuşlar.

"Kod Da Vinçi" turniri "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilmişdir.

Qeyd edək ki, turnir Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilmişdir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etmək və əhalinin bu sahədə maarifləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti