...

Azərbaycanın apardığı ədalət məhkəməsində hərbi cinayətlər faktlarla öz təsdiqini tapır – ŞƏRH

Cəmiyyət Materials 5 Fevral 2026 12:48 (UTC +04:00)
Azərbaycanın apardığı ədalət məhkəməsində hərbi cinayətlər faktlarla öz təsdiqini tapır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi zamanı bütün faktlar öz təsdiqini tapıb.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Ekspert xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizdən artığı 30 ildən çox müddətdə Ermənistanın işğalında olub:

“Bu müddət ərzində Azərbaycan beynəlxalq tribunalardan, BMT-nin Təhlükəsizlik Şurasından haqq-ədalətin bərpasını, torpaqlarımızın azad olunmasını istədi. Azərbaycanın o dövrdə apardığı diplomatik səylər nəticəsində BMT TŞ 4 məlum qətnaməni qəbul etdi. Lakin erməni qəsbkarları bir kəndi də işğaldan çıxarmadılar. Azərbaycan qətnamələrin icrasını tələb etsə də, BMT və dünyanın aparıcı ölkələri bu məsələyə ciddi yanaşmadılar”.

O əlavə edib ki, bütün bunlardan sonra Azərbaycanda geniş ordu quruculuğu siyasəti aparılıb:

“Təlim-məşqlər keçirildi, ordu müasir texnikalarla silahlandırıldı, NATO standartlarına uyğunlaşdırıldı. Və nəhayət, Azərbaycan heç kimin köməyi olmadan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Biz insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət məhkəməsinə çıxarmağa nail olduq”.

E. Həsənovun sözlərinə görə, tarixə baxsaq, görərik ki, müharibələrdə xalqa qarşı cinayət törədənlərin hamısını cəzalandırmaq mümkün olmayıb:

“Məsələn, yəhudilərin soyqırımı törədənlərin bir çoxu İkinci Dünya müharibəsindən sonra bir çox ölkələrə qaçdılar. Lakin İsrailin kəşfiyyat orqanı olan “Mossad” onları dünyanın dörd bir yanından taparaq cinayət məsuliyyətinə cəlb edilmələrinə nail oldular və yaxud da onları yerindəcə zərərsizləşdirdilər. Lakin yenə də onların hamısını cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadı. Onların bəziləri layiq olduqları cəzanı almadılar. Lakin biz Qarabağda törədilən cinayətlərdə əli olanların böyük əksəriyyətinə hakim qarşısına çıxarmağa müvəffəq olduq”.

Siyasi şərhçi qeyd edib ki, açıq keçən məhkəmə iclaslarında onlara qarşı olan bütün fakt və dəlillər şahid ifadələri ilə təsdiqini tapıb.

“Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində törətdiyi cinayətlər üzə çıxıb. Bu qondarma rejimin ordusu yox, Ermənistanın silahlandırdığı ordu idi. Ədalət məhkəməsində olan ermənilər öz ifadələrində bu məlumatları təsdiq edirlər.

Məhkəmə zamanı bütün faktlar öz təsdiqini tapıb. Azərbaycanda aparılan bu ədalət məhkəməsi həmçinin audio-video formada qeydə alınır. Şahidlərin ifadələri təsdiqlənib. Mühakimə olunanların cinayətləri faktlarda öz təsdiqini tapıb. Bütün bunlar da Azərbaycanın haqlı, ədalətli olduğunu, erməni şovinistlərinin işğalçılıq siyasətlərinin bariz nümunəsidir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu ölkədə qaçıb gizlənən, əli azərbaycanlıların qanına batan hərbi cinayətkarları da Azərbaycana təhvil verəcəklər”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti