Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının 3 noyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində - ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində gigiyenik tələblərə ciddi riayət olunmalıdır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, həmçinin sahibkarlar tərəfindən qida obyektlərində müvafiq dezinfeksiya proqramları hazırlanmalı, bu proqramlarda dezinfeksiya tədbirlərinin tezliyi, üsulları və tətbiq olunan vasitələr dəqiq şəkildə müəyyən edilməlidir.
Müasir qida təhlükəsizliyi tələbləri və bundan irəli gələn mövcud normativ-hüquqi bazaya əsasən dezinfeksiya tədbirlərinin həyata keçirilmə tezliyi riskəsaslı yanaşma ilə qida obyektinin fəaliyyət sahəsi və növü, istehsal gücü, texnoloji proseslərin xüsusiyyətləri və dairəsi, sanitar vəziyyəti, yerləşməsi, layihələndirilməsi, işçilərin sayı və s. kimi amillər nəzərə alınmaqla, hər bir obyektə münasibətdə sahibkarlar tərəfindən müəyyənləşdirilərək icra olunmalıdır.
Dezinfeksiya tədbirləri ilə bağlı daxili nəzarət sistemlərinə uyğun olaraq müvafiq təsdiqedici sənədlər tərtib olunmalı və saxlanması təmin edilməlidir.