Bakı. Trend:
Bu gün Azərbaycan mədəniyyəti təkcə Azərbaycan vətəndaşlarının deyil, bütövlükdə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının hüquqlarının, maraqlarının və mənəvi dəyərlərinin qorunmasına xidmət edir.
Trend xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, mədəniyyətin insanların həyat tərzinə çevrilməsi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olması mühüm əhəmiyyət daşıyır:
“Bu baxımdan mədəniyyətin bir neçə əsas sahəsi müəyyən edilib: davranış mədəniyyəti, bilik mədəniyyəti, incəsənət, mədəni irs və digər istiqamətlər. Bu sahələr üzrə Azərbaycan Respublikasının mədəniyyət siyasətinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və bütün dövlət qurumları cəmiyyətin bu istiqamətdə inkişafına töhfə verməlidir”.
A.Kərimli vurğulayıb ki, mədəniyyət və hüquq arasında qarşılıqlı əlaqə xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət sosial fenomen kimi çıxış edir və hüququn formalaşmasında mühüm rol oynayır:
“Milli qanunvericiliyin effektivliyi onun Azərbaycan mədəniyyət dəyərlərinə nə dərəcədə uyğunlaşdırılmasından birbaşa asılıdır. Hüquqi aktların xarici təcrübə əsasında hazırlanması mümkündür, lakin onların işlək olması üçün milli-mədəni əsaslara söykənməsi vacibdir. Texnologiyanın, o cümlədən süni intellektin inkişafı hüquq sahəsində yeni imkanlar yaratsa da, hüquqşünas fəaliyyəti mahiyyət etibarilə yaradıcılıq tələb edir. Hüquq canlı bir mexanizmdir və yalnız formal sənəd kimi deyil, cəmiyyətin sosial və mədəni xüsusiyyətlərini əks etdirən sistem kimi işləməlidir”.
