Bakı. Trend:
ABŞ Dövlət Departamentinin İnfrastruktur və İnvestisiyalar üzrə Qlobal Tərəfdaşlıq Fondu adından fəaliyyət göstərən Amerikanın mühəndis-məsləhətçi şirkəti "AECOM"un nümayəndə heyəti TRIPP layihəsi çərçivəsində ərazi tədqiqatlarına başlamaq məqsədilə Ermənistana səfər edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, işlər çərçivəsində texniki-iqtisadi əsaslandırmanın hazırlanması, eləcə də nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastruktur obyektlərinin tikintisi üzrə təkliflərin işlənib hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
