Bakı. Trend:
2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi Azərbaycanın apardığı sülh siyasətinin, regional sabitlik naminə göstərdiyi iradənin və Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırmaq istiqamətində atdığı addımların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsidir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Zayed İnsan Qardaşlığı Mükafatı" müasir dünyanın ən nüfuzlu humanitar və mənəvi mükafatlarından biri hesab olunur. Bu mükafat sülhə, dinlərarası dialoqa, xalqlar arasında anlaşmaya və münaqişələrin siyasi yollarla həllinə töhfə verən liderlərə təqdim edilir. Mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın ideyalarına əsaslanan bu mükafat, zorakılıq əvəzinə dialoqu, qarşıdurma əvəzinə əməkdaşlığı, nifrət əvəzinə qarşılıqlı hörməti təşviq edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi məhz bu dəyərlərin Azərbaycan siyasətində əsas xəttə çevrildiyini göstərir.
Son onilliklər ərzində Azərbaycan torpaqlarının işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və uzunmüddətli münaqişə regionu qeyri-sabitliyə sürükləmişdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa etdi, daha sonra isə qisas və revanş yolu deyil, sülh və əməkdaşlıq yolunu seçdi. Bu seçim siyasi cəsarət, strateji uzaqgörənlik və tarix qarşısında məsuliyyət tələb edirdi", - o bildirib.
Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən mükafatlandırma mərasimində dünyanın bir çox liderlərin dövlət başçısını təbrik etməsi məhz bu reallığı vurğuladı.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və digər nüfuzlu dövlət xadimləri Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh sazişini tarixi dönüş nöqtəsi kimi qiymətləndirdilər. Bu, regionun gələcəyini dəyişən, Cənubi Qafqazı münaqişə zonasından əməkdaşlıq məkanına çevirməyə imkan verən bir proses kimi təqdim olundu. Prezident İlham Əliyevin bu prosesdə aparıcı rol oynaması isə xüsusi vurğulandı. Prezident İlham Əliyevin çıxışı mükafatın mahiyyətini və onun arxasında dayanan siyasi fəlsəfəni açıq şəkildə ortaya qoydu. Dövlət başçısı bildirdi ki, Azərbaycan və Ermənistan uzun onilliklər ərzində müharibə şəraitində yaşayıb, indi isə sülh şəraitində yaşamağı öyrənir. Bu ifadə onun arxasında dərin tarixi və psixoloji məna dayanır. Müharibədən çıxmış cəmiyyətlər üçün sülh təkcə siyasi sənəd deyil, düşüncə tərzinin, ictimai münasibətlərin və regional davranışların dəyişməsidir. Azərbaycan bu çətin yolu şüurlu şəkildə seçib və bu gün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın sülh tərəfdarı olduğunu sübut edən faktlar artıq sözlərdən daha güclüdür.
"Bu siyasi iradə yalnız bəyanatlarla deyil, real diplomatik təmaslarla da möhkəmlənir. Məhz fevralın 4-də Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh prosesinin canlı və dinamik xarakter daşıdığını nümayiş etdirdi. Tərəflər Vaşinqton Sülh Sammitindən sonra əldə olunmuş razılaşmaların icrasındakı irəliləyişi müsbət qiymətləndirdilər və ticarətin başlaması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, həmçinin tranzit daşımaların həyata keçirilməsi kimi konkret nəticələrin artıq sülhün dividendlərini yaratdığını vurğuladılar", - o bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin bərpası, qarşılıqlı iqtisadi əməkdaşlığın təşviqi, humanitar məsələlər üzrə dialoqun qurulması - bütün bunlar rəsmi Bakının bölgədə uzunmüddətli sabitlik istədiyini göstərir:
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə verilməsi, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin mühüm transformasiyasını əks etdirir. Azərbaycan artıq təkcə enerji və nəqliyyat qovşağı kimi deyil, həm də sülh təşəbbüslərinin müəllifi, dialoq mədəniyyətinin daşıyıcısı kimi tanınır. Bakı müxtəlif beynəlxalq platformalarda mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mərkəzə çevrilib. Bu ənənə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib və ölkənin xarici siyasətində əsas sütunlardan birinə çevrilib. Bu mükafat həm də bir mesajdır: münaqişələrin həlli mümkündür, yetər ki, siyasi iradə olsun. Azərbaycan nümunəsi göstərir ki, hətta onilliklər boyu davam edən qarşıdurmalar belə danışıqlar, qarşılıqlı tanınma və beynəlxalq hüquqa hörmət əsasında həll edilə bilər. Prezident Əliyevin irəli sürdüyü sülh modeli hüquqa, reallığa və qarşılıqlı maraqlara əsaslanır. Bu model təkcə Cənubi Qafqaz üçün deyil, dünyanın digər münaqişə ocaqları üçün də örnək ola bilər".
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın son illərdə tutduğu kursun beynəlxalq miqyasda tanınmasıdır.
"Bu mükafat sülhün zəiflik deyil, güc olduğunu, barışığın güzəşt deyil, strateji uzaqgörənlik olduğunu təsdiqləyir. Azərbaycan bu gün regionda yeni bir səhifə açır - münaqişələr yox, əməkdaşlıq; nifrət yox, dialoq; keçmişin ağır yükü yox, gələcəyə yönəlmiş ortaq inkişaf səhifəsi. Prezident İlham Əliyevin siyasi iradəsi və sülh təşəbbüsləri məhz bu gələcəyin əsasını qoyur", - o əlavə edib.
