Bakı. Trend:
Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Avropa İttifaqına (Aİ) qoşulma ilə uyğun ola bilməz, lakin Rusiya Ermənistanın seçiminə hörmət edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşü zamanı deyib.
“Ermənistan üçün nəyin daha vacib və daha sərfəli olduğu - Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya proseslərinin davam etdirilməsi, yoxsa Avropa İttifaqının norma və standartlarına keçid - barədə müzakirələr aparılır və biz bu müzakirələri izləyirik, bununla belə bizim mövqeyimiz sizə məlumdur. Bu mövqe hansısa ideoloji motivlərlə şərtlənmir, o, reallıqlardan irəli gəlir.
Avrasiya İqtisadi İttifaqına üzvlük Avropa İttifaqı ilə əməkdaşlıqda iştirakın və xüsusən də ona qoşulmanın əsasını təşkil edən prinsiplərlə uzlaşmır. Bu, sizin seçiminizdir və biz ona tam şəkildə hörmət edəcəyik”, - deyə nazir vurğulayıb.
Lavrov əlavə edib ki, Rusiya tərəfi bu zaman Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olduğu son 10 il ərzində əldə olunan nəticələrin də nəzərə alınacağına ümid edir
