Bakı. Trend:
Niderlandda yeni hökumətin qurulması ilə bağlı “Demokratlar 66” (D66), “Azadlıq və Demokratiya naminə Xalq Partiyası” (VVD) və “Xristian-Demokratik Çağırış” (CDA) partiyaları arasında aparılıb danışıqlar nəticəsində həmin partiyalar tərəfindən hazırlanıb 2026-2030-cu illəri əhatə edən hökumət koalisiyası proqramı 30 yanvar 2026-cı il tarixində ictimailəşdirilib.
Trend xəbər verir ki, hökumət koalisiya proqramında Ermənistanla bağlı aşağıdakı paraqraf daxilində fikirlər əks olunub:
“Biz Qərbin azad dəyərlərinə sadiq qalmağa davam edir və insan hüquqlarının müdafiəsini təmin edirik. Qadınların və azlıqların qorunması istiqamətində qlobal miqyasda fəal fəaliyyət göstərir, xüsusilə uşaqlara, LGBTI+ icmasına, habelə dini etiqad azadlığının və mətbuat azadlığının müdafiəsinə xüsusi diqqət yetiririk. İnsan hüquqları, demokratiya və hüquqi dövlət sahəsində aktiv islahatlar həyata keçirən ölkələr, o cümlədən Ermənistan və Moldova, tərəfimizdən fəal şəkildə dəstəklənir.”
Bununla əlaqədar olaraq, cari ilin 3 fevral tarixində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “X” sosial şəbəkə səhifəsində aşağıdakı paylaşımı edib:
“Niderlandın yeni koalisiya sazişində strateji tərəfdaşımız tərəfindən Ermənistanın hazırkı demokratik islahatlarına dəstəyin davam etdirilməsinin təsdiqlənməsini alqışlayırıq. Bu, Ermənistan-Niderland strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm sütun olan əsas dəyərlərə ortaq sadiqliyimizi əks etdirir”.
Xatırlatmaq istərdik ki, Niderlandın bundan öncəki hökuməti, 2024-cü ildə öz koalisiya proqramını ictimailəşdirib və həmin proqam o vaxtlar ciddi böhran dövrünü yaşayan Azərbaycan və Niderland arasındakı münasibətlərdə gərginlyi daha da dərinləşdirib. Belə ki, 2024-cü il koalisiya proqramında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qərəzli ifadələr əks olunub, Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qələmə verilib, eləcə də “Ermənistan mövcudluğu təhlükə altında olan ölkə” kimi xarakterizə edilərək bu ölkəyə Niderland tərəfindən hərtərəfli dəstəyi nəzərdə tutan müddəalar yer alıb (2024-cü il hökumət proqramındakı müvafiq müddəalar - 1. “Avropanın daha geniş qonşuluğunun digər yerlərində narahatlıq artıb və münaqişələr alovlanıb; bunu Dağlıq Qarabağın ələ keçirilməsi ilə gördük. Geosiyasi inkişaflar dünya miqyasında, o cümlədən Niderlandda və Krallığın Karib dənizi hissələrində bizim fəaliyyət imkanlarımıza və maraqlarımıza təsir göstərir.”; 2. “Niderland hazırda mövcudluğu təhlükə altında olan digər Avropa ölkələrini də, məsələn Moldova və Ermənistanı dəstəkləyəcək.”; 3. “Hökumət Ermənistanla Avropa əlaqələrinin gücləndirilməsinə diqqət yetirəcək.
Ermənistan iqtisadi inkişafını təmin etmək və regional (nəqliyyat) şəbəkələrinə bağlantısını yaxşılaşdırmaq üçün Global Gateway kimi Aİ fondlarından, Dünya Bankı/Beynəlxalq Valyuta Fondu üzrə konstituensiya proqramından və digər Niderland proqramlarından tam şəkildə yararlana bilməlidir.”). O vaxt erməni tərəfindən böyük diplomatik qələbə kimi təqdim olunub Niderlandın 2024-cü il hökumət koalisiya praqramındakı müvafiq iddialarla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətubat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırıb (https://mfa.gov.az/az/news/no33824).
Hazırda erməni mətbuatında və sosial şəbəkə platformalarında geniş şəkildə tirajlanan Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın Niderlandın yeni hökumət koalisiyası proqramına dair açıqlaması öz həqiqi məqsədinə nail ola bilməyən erməni tərəfinin “üzünü qorumaq” cəhdindən başqa bir şey deyildir. Belə ki, Ermənistan nümayəndəsi öz açıqlamasında Niderlandı “strateji tərəfdaş”, iki ölkə arasındakı münasibətləri isə “strateji tərəfdaşlıq” kimi xarakterizə etsə də, Niderlandın yeni hökumət koalisiyası proqramında Ermənistanı belə bir tərəfdaş kimi xarakterizə edən və ya fərqləndirən heç bir ifadə və ya müddəa yoxdur. Üstəlik, yeni koalisiya proqramında Ermənistana dəstək sırf insan hüquqları və demokratiya sahəsində islahatlar kontekstində nəzərdə tutulur.
Görünür Niderlandın 2024-cü il koalisya proqramından fərqli
olaraq, yeni koalisiya proqramında Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən ifadələrin və Ermənistana
hərtərəfli dəstəklə bağlı müddəaların əks olunmamasından məyus
qalan və uğursuzluğa düçar olan erməni tərəfinin bu açıqlamasında
niyyəti əsl həqiqəti ört-basdır etməkdir. Erməni tərəfinin bu
açıqlaması, habelə Niderlanddakı ermənipərəst çevrələrin fəal
lobbiçiliyi ilə 2020-ci il Vətən müharibəsi və ondan sonrakı
illərdə ciddi böhran dövrünü yaşayıb Azərbaycan-Niderland
münasibətlərində son dövrdə müşahidə olunan müsbət məqamlara erməni
tərəfinin qısqanclığından irəli gəlir və Azərbaycan-Niderland
münasibətlərində süni gərginliyin yaradılmasına da hesablana bilər.
Halbuki Niderlandın yeni hökumət proqramı bu ölkənin bölgəmizə
yönəlik siyasətində ciddi dəyişikliyin – yəni əvvəlki birmənalı
şəkildə Ermənistanı dəstəkləmək mövqeyindən indiki praqmatik və
balanslı mövqeyə doğru dəyişikliyin baş verdiyini nümayiş
etdirir.
Niderlandın yeni koalisiya proqramı ilə təsdiq olunan bölgəmizə
münasibətdə baxışlarındakı bu dəyişiklik Niderland rəhbər siyasi
çevrələrin bölgəmizdəki həqiqətləri və prosesləri düzgün
qiymətləndirməsindən, Azərbaycanın bölgədəki liderliyinin qəbul
edilməsindən qaynaqlanır. Bu xüsusda 2025-ci il ərzində Azərbaycan
və Niderland arasında intensiv siyasi dialoq, xüsusilə də
Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland
Krallığının Baş naziri Dik Sxof arasında görüş, Bakıda iki ölkənin
XİN-ləri arasında siyasi məsləhətləşmələr, Niderland xarici işlər
nazirinin müavini Marsel de Vinkin iki dəfə Bakıya səfəri, Vyanada
ATƏT Nazirlər Şurası çərçivəsində iki ölkənin xarici işlər
nazirləri arasında görüş, Azərbaycan Respublikası Prezidentinin
xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun Haaqaya səfəri,
habelə digər rəsmi səfər mübadilələri mühüm rol oynayıb. Bu
intensiv siyasi təmaslardan irəli gələrək Niderland hökumətinin
çoxsaylı parlamentarların qərəzli suallarına obyektiv cavabları
müşahidə olunub, Niderland parlamentindəki əvvəlki anti-Azərbaycan
meylləri ciddi şəkildə səngiyib və münasibətlər qarşılıqlı faydalı
əməkdaşlıq istiqamətinə yönəlib, o cümlədən iki ölkə arsında
2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 2024-cü illə müqayisədə
30 faiz artıb.
