...

Azərbaycanda qədim şəhər tapılıb

Cəmiyyət Materials 31 May 2012 15:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb.
Azərbaycanda qədim şəhər tapılıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Bu barədə cümə axşamı Trend-ə institutun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.

Məmmədov deyib ki, indiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.

Tarixçinin sözlərinə görə, bu şəhər, eləcə də yeni tapılan digər abidələrlə bağlı əhalinin tapıb gətirdiyi materiallar Biləsuvar Tarix Muzeyinə təhvil verilib.

Məmmədov qeyd edib ki, yaxın günlərdə yeni aşkarlanan ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasına başlanacaq. Hazırda arxeoloji qazıntı sahələri müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti