...

Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium keçirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2013 10:07 (UTC +04:00)
Bakıda Beynəlxalq Muğam Mərkəzində “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium keçirilir (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda Beynəlxalq Muğam Mərkəzində "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən qonaqlar, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar.

Simpozium "Əbədi işığın abidəsi - Şamaxı Cümə məscidi" adlı filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam hacı Allahşükür Paşazadə qeyd edib ki, Seyid Yəhya Bakuvinin fikirləri ilə hələ ötən əsrdə - 1985-ci ildən etibaren akademik Ziya Bünyadovun köməyi ilə tanış olmağa başlayıb.

"Sevinirəm ki, S.Y.Bakuvi kimi şəxsiyyətlərin tarixini dirçəldə bilirik", - deyən QMİ sədri bildirib ki, bu iş S.Y.Bakuvi ilə tamamlanmayacaq.

A.Paşazadə Azərbaycanın dünyaca məşhur alim və şəxsiyyətlərinin tanıdılması baxımından DQİDK-nın gördüyü işləri təqdir edib.

Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən elan edilmiş "Seyid Yəhya Bakuvi ili" çərçivəsində 30-dan artıq silsilə tədbirlər keçirilib və ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və DQİDK-nın təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" adlanan Simpozium bu silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarıb.

E.İskəndərov Seyid Yəhya Bakuvi irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, bildirib ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, S.Y.Bakuvi və onun şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs istər dinlərarası tolerantlıq dünyagörüşünün, istər məzhəblərarası münaqişələrin qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə bu gün də aktualliğini itiriməyib.

Türkiyənin Diyanət İşlər Başqanının müavini Hasan Yılmaz çıxışı zamanı bir neçə gün əvvəl Əskişəhərdə keçirilən simpozumu xatırladıb, qeyd edib ki, bu silsilə tədbirlərinin yekunun məhz Bakıda Seyid Yəhya Bakuvinin vətənində keçirilməsi xüsusilə əhəmiyyətlidir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, S.Y.Bakuvi Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazdığı 20-dən artıq əsəri ilə elmi-fəlsəfi cərəyanın əsasını qoyub: "O, bu cərəyanla İslam dininin geniş coğrafiyada yayılmasına töhfəsini verib. S.Y.Bakuvi məktəbi və təcrübəsinin öyrənilməsi müasir dövrdə təhsil islahatlarının tətbiq edilməsi baxımından çox əhəmiyyətlidir".

Digər çıxış edənlər qeyd ediblər ki, bu gün ölkəmizdə mövcud tolerantlığın qaynağı məhz Seyid Yəhya Bakuvi kimi dahilərin yaşatdığı məktəbin nəticəsidir.

Tədbir irfan musiqisindən ibarət konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti