...

Leyla Əliyeva: Tolerantlıq Azərbaycan xalqı üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2014 14:17 (UTC +04:00)
Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş "Azərbaycan. Tolerantlıq məkanı" fotosərgisi açılmışdır.
Leyla Əliyeva: Tolerantlıq Azərbaycan xalqı üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 3 aprel saat 21:39-da yayılıb)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş "Azərbaycan. Tolerantlıq məkanı" fotosərgisi açılmışdır. Fotosərgini ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi təşkil etmişlər.

Trend AzərTAc-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak etmişlər.

Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olmuşdur. Yəhudi icması Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşamışdır və yaşayır. A.Boroda demişdir: "Mühüm məsələ budur ki, bu sərgiyə gələn başqa dövlətlərin nümayəndələri öz ölkələrində belə səmimi mühiti necə yaradacaqları barədə düşünsünlər. Rusiyanın bir çox regionlarının nümayəndələri də bu sərgidən çox şey əxz edə bilərlər. "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi pəncərədə işıqdır, bu pəncərədən baxmaq, diqqəti bunun üzərində cəmləmək lazımdır".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA mərasimdə çıxış edərək səmimi qəbula və qonaqpərvərliyə görə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə minnətdarlığını bildirərək demişdir:

- Bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik. Bu işlər fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır. Onun əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda - bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi vardır, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranmışdır.

Xristianlar, müsəlmanlar və yəhudilər bu qədim diyarı öz Vətəni sayırlar. Bu gün ölkəmizdə sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, habelə atəşpərəst məbədləri görmək olar. Azərbaycanda 21 qeyri-müsəlman icması mövcuddur. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Artıq bir neçə ildir ölkəmizdə dünyanın hər yerindən qonaqların bir araya gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə idman yarışları, elmi diskussiyalar, yaradıcılıq tədbirləri keçirilir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Fondun səyləri ilə Azərbaycanda 20-ə yaxın məscid, sinaqoq və kilsə təmir olunmuşdur. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondu Fransada X əsrə aid kilsəni təmir etmişdir. Bundan əlavə, Strasburq, Versal və Vatikanda abidələrin, kilsələrin bərpasına kömək etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu yaxınlarda Həştərxanda müqəddəs knyaz Vladimirə abidə qoyulmuşdur.

Bu gün biz Rusiyanın paytaxtı Moskvada belə bir tədbir keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən yüz xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı uzun illər dostluq və və mehriban qonşuluq münasibətləri bağlayır. Ümumi tariximiz var və biz bir-birimizi yaxşı anlamağı öyrənmişik. Bu gün dünyada multikulturalizm anlayışı, təəssüf ki, şübhə altına alınır. Bir çox münaqişələr bəzən bir-birini anlamaqdan və başa düşməkdən imtina etmək səbəbindən baş verir. Odur ki, inam, anlayış, ehtiram və sevgini qoruyub saxlamaq bu gün çox vacibdir.

Sonra sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi, dünyanın ən tanınmış fotoqraflarından biri, mənşəcə azərbaycanlı Rza Deqati bu nəcib təşəbbüsü dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirərək demişdir ki, Azərbaycanda şahidi olduğu dözümlülük mühiti dünyada ən nadir modellərdən biridir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, zəmanəmizdə biz hər gün faciəli hadisələrin şahidi oluruq. Zərərçəkənlərin təqsiri isə yalnız bundan ibarət olur ki, başqa cür düşünür, yaxud başqa cür dua edir və geyinirlər. Onun sözlərinə görə, belə sərgilər, Rza Deqatinin çəkdiyi fotoşəkillər kimi gözəl şəkillər bu cür kədərli halların getdikcə daha da azalması üçün lazımdır. Səfir demişdir: "Azərbaycan dövləti dini tolerantlığın qorunmasına kömək edir. Bu yaxınlarda dövlət hesabına xristian mədəniyyət mərkəzi inşa edilmişdir. Sinaqoq tikilmiş və yəhudi icmasının istifadəsinə verilmişdir". P.Bülbüloğlu onu da bildirmişdir ki, Azərbaycanın müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri və nümayəndələri məxsusi olaraq sərginin açılış mərasimində iştirak etmək üçün Moskvaya gəlmişlər.

Sonra qonaqlar sərgi ilə tanış olmuşlar. Ekspozisiyada dünya şöhrətli fotoqraf R.Deqatinin Azərbaycana səfərləri zamanı çəkdiyi fotoşəkillər nümayiş etdirilir. Fotoşəkillərdə Müqəddəs Məryəm Kilsəsi, Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Qax rayonunda Kürmük məbədi, Şamaxıda Cümə Məscidi, Şəhidlər xiyabanı, Əjdərbəy Məscidi, Məşədi Dadaş Məscidi, Çotari kilsəsi (Müqəddəs Yelisey Kilsəsi) təsvir olunmuşdur. Bundan əlavə, Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə və "Xabad Or-Avner" məktəbində və s. çəkilmiş şəkillər nümayiş etdirilir. Bu fotoşəkillər təsdiq edir ki, müxtəlif dinlərdən və millətlərdən olan insanlar Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar.

Sərginin açılış mərasimində 500-dən çox qonaq - rəsmi şəxslər, Rusiya Dövlət Dumasının deputatları, tanınmış incəsənət xadimləri, Rusiya ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin RF-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak etmişlər.

Rza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi aprelin 13-dək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti