Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:
Azərbaycan Avropa Oyunlarına gedən yolda daha bir tarixi hadisəni yaşadı. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Peşəkarlıq, gözəl tərtibat Azərbaycanın Avropa Oyunlarına hazırlığının bariz nümunəsi oldu.
Artıq bu Oyunların ölkəmizdə uğurla keçiriləcəyinə heç kimdə şübhə qalmayıb. Azərbaycan yenə də ona göstərilən etimadı layiqincə doğruldur və bir çox Avropa ölkələrinin görə biləcəyindən ehtiyat etdiyi işin öhdəsindən qısa müddətdə gəldi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də məşəlin alovlandırılması mərasimində bu işlərdən təəccübünü gizlədə bilmədi və bildirdi ki, "belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı-2015 heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı".
Elə məşəlin alovlandırılması mərasimində Patrik Hikki tərəfindən səsləndirilən fikirlər bir daha onu sübut etdi ki, ilk Avropa Oyunlarından istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışan yerli və xarici dairələr yenə də məğlubiyyətə uğradılar.
Bəli, bu Azərbaycanın onu sevməyən qüvvələr üzərində tam qələbəsi idi. Özlərini insan haqlarının müdafiəçisi adlandıran xarici QHT-lərin, bəzi beynəlxalq təşkilatların "əziyyət"i yenə də boşa çıxdı, onların yalan və böhtanını heç kim dinləmədi, yenə də məyus oldular.
Təbii ki, belə də olmalı idi. Çünki onların mövqeyi həqiqəti əks etdirmirdi, əsas məqsədləri Azərbaycana təzyiq göstərmək və öz çirkin maraqlarına nail olmaq idi. Amma bacarmadılar. Ona görə ki, Azərbaycan müstəqil daxili və xarici siyasət aparan, beynəlxalq aləmdə öz sözünü deyən və regionda lider olan güclü bir ölkədir.
Əgər Avropa ailəsi Azərbaycana etimad edib bu Oyunları ölkəmizdə keçirmək qərarına gəlirsə, hansısa dairələrin "məqsədyönlü" fəaliyyəti bunun qarşısını ala və ya Azərbaycanın beynəlxalq nüfuzuna xələr gətirə bilməz.
Sonda Azərbaycanın ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlığını avropasayağı dəyərləndirmək istərdim: NO COMMENT!