...

İlk Avropa Oyunlarının məşəli Neftçalada (FOTO,VİDEO)

Baku 2015 : EUROGAMES Materials 4 May 2015 19:43 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarının məşəli Salyandan Neftçalaya ötürülüb. Azərbaycanın ən böyük çayı Kürün Xəzər dənizinə töküldüyü ərazidə yerləşən rayona axşama doğru yetişən məşəl sevinclə qarşılanıb.
İlk Avropa Oyunlarının məşəli Neftçalada (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Bakı-2015 Avropa Oyunlarının məşəli Salyandan Neftçalaya ötürülüb. Azərbaycanın ən böyük çayı Kürün Xəzər dənizinə töküldüyü ərazidə yerləşən rayona axşama doğru yetişən məşəl sevinclə qarşılanıb.

Trend-in məlumatına görə, cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə, dəniz səviyyəsindən 22 m aşağıda yerləşən, adının mənası "Neftli çala" olan Neftçalada səsinin ahənginə görə sevilən müğənni Anatollu Qəniyev və xalq şairi Xəlil Rza Ulutürk kimi insanlar dünyaya göz açıblar. Uşaq-gənclər idmanının sistemli inkişaf etdirildiyi 20 il ərzində rayondan boks, güləş, ağırlıqqaldırma kimi aparıcı idman növlərində ölkədaxili və beynəlxalq yarışların qalib və mükafatçıları yetişib.

Şəhər mərkəzində təşkil olunmuş yürüşü Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev başladı. Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca qət edilən 4 km-ə yaxın yol boyunca bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, "Neftçala" FK-nın məşqçiləri Mehman İbrahimov, Fəxrəddin Mürvətov məşəli növbə ilə daşıdılar.

Bu mərasimdə Bakı-2015-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun da iştirak etməsi mərasimi izləməyə toplaşmış çoxsaylı Neftçala sakinlərinin xüsusi coşğusuna səbəb oldu. Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov Bayraq meydanına gətirərək səhnəyə qalxdı. Burada yandırılmış və coğrafya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər şəhərə hədiyyə edildi.

Bayraq meydanında keçirilən təntənəli qarşılanma mərasimi zamanı rayon sakinləri qonaqlarla, xüsusən də Bakı-2015-in ulduz elçiləri Coşqun Rəhimov və Rafael İsgəndərovla səmimi söhbət edərək, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə etdilər və idmançılarımıza uğurlar arzuladılar.

Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda Neftçalanın eyniadlı klubunda məşqçi kimi çalışan Mehman İbrahimov estafetlə bağlı təəssüratlarını bölüşdü: "Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi yeri olacaq və həmişə xatırlanacaq. Bu anların, bir xoş xatirə kimi, mənim də həyatımda xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə, gurultu ilə qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onaları bu bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbələr, ən əsası, layiqli çıxış gözləyirəm".

Daha sonra məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı müəssisəsi olan məşhur nərə təsərrüfatına aparıldı. Kür çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam mənzərələri seyr edildi, yelkən səyahətinə çıxıldı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Xəzər dənizində palçıq vulkanları nəticəsində formalaşmış Kür daşı adası ilə də diqqət çəkən Neftçalada başa çatan estafet günü mayın 5-də Şirvan və Hacıqəbulla davam etdiriləcək.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti