...

Əliqismət Lalayev: “Musiqili Teatr I Avropa Oyunlarına hazırdır”

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 12:33 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
Əliqismət Lalayev: “Musiqili Teatr I Avropa Oyunlarına hazırdır”

Azərbaycan, Bakı, 7 may /Trend/

Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Trend-ə bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Musiqili Teatrın Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar iyun ayında xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. "İyun ayında teatrımızda 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Bildiyiniz kimi gələn ay ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların - turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", O. Kazimi və R. Heydərin "Qızıl toy", J.B. Molyerin "Skapenin kələkləri", Ə. Haqverdiyevin "Kimdir müqəssir?", R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Talelər qovuşanda" və başqa əsərlər ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz yaxın günlərdə artıq bu təcrübədən istifadə etmişik və əldə olunan nəticə gözlədiyimizdən də yüksək səviyyədə olub. Bu günlərdə Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının iştirakçıları - təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın mötəbər qonaq bu üsulla teatrımızda dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasını izlədi. Tamaşadan sonra qonaqlar çox böyük zövq aldıqlarını və razı qaldıqlarını bildirdilər. Yeri gəlmişkən bildirim ki, eyni zamanda bir sıra tamaşalarımız da rus dilində nümayiş olunacaq. Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı I Avropa Oyunlarına hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti