...

"Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 19:03 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyanın dəstəyi ilə həyata keçirilən “Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə” adlı layihə çərçivəsində Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər.
"Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyanın dəstəyi ilə həyata keçirilən "Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" adlı layihə çərçivəsində Xorvatiyanın "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Layihə ilə əlaqədar Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdən yola salınma mərasimi təşkil olunub və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb.

Mərasimi açılış sözü ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Bakı-2015 Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərək bu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini bildirib. Səfir 20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı I Avropa Oyunlarına ölkəmizin yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, Olimpiya məşəlinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən alovlandırıldığını və məşəlin artıq ölkəmizdə səyahətdə olduğunu vurğulayıb.

K.Xasiyev Xorvatiyanın Bakı-2015 Avropa Oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və "Pedalinac" velosiped klubu üzvlərinin "Bakı-2015 İlk Avropa Oyunlarına velosipedlə" layihəsinin Avropa Oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib.

Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıblar.

Qeyd edək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan "Pedalinac" velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti