...

Azərbaycanın uğurlarına qarşı Qərbin dəyişməyən qısqanclığı

Baku 2015 : EUROGAMES Materials 15 May 2015 15:49 (UTC +04:00)
Böyük Avropa ailəsinə daxil olandan hər zaman dəyərli ölkə olduğunu göstərən Azərbaycan hansı səbəblərdənsə son dövrün ən çox qınanılan ölkələrindən birinə çevrilib.
Azərbaycanın uğurlarına qarşı Qərbin dəyişməyən qısqanclığı

Sevil Mikayılova - "AzerNews" qəzetinin baş redaktoru

Böyük Avropa ailəsinə daxil olandan hər zaman dəyərli ölkə olduğunu göstərən Azərbaycan hansı səbəblərdənsə son dövrün ən çox qınanılan ölkələrindən birinə çevrilib. Beynəlxalq siyasi səhnədə mütəmadi haqsızlıqlarla üzləşən və buna, belə demək mümkünsə, artıq alışmış ölkəmiz indi münasibətlərin növbəti gərgin mərhələsini yaşayır. Qəribə olsa da, ilk Avropa Oyunlarına böyük sevinc və iftixarla, eyni zamanda, məsuliyyət və işgüzarlıqla hazırlaşdığı bir dövrdə.

İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına bir aydan az vaxt qalır və vaxt yaxınlaşdıqca antiazərbaycan təbliğat maşınının hansı sürətlə işlədiyi kənardan çox aydın sezilir. İnsan haqları və söz azadlıqları, korrupsiya və rüşvət halları, azad mətbuat və vicdan azadlıqları son dövrün ölkəmizə qarşı yönəlmiş birtərəfli bəyanatlarının əsas leytmotividir. Azərbaycana yerli-yersiz bu növ hücumlar səngimək bilmir və artıq hamıya məlumdur ki, bunun əsasında məhz həvəslə ev sahibliyi edəcəyimiz Avropa Oyunları dayanır.

Qərb hər zaman ölkələrə orijinal baxışı ilə seçilib desək, yəqin ki, bu, yenilik olmaz və "ikili standartlar" deyilən termin məhz onun özünə tez-tez şamil edilən tərifdir. Məsələnin maraqlı, bəzən isə qaranlıq qalan tərəfi Azərbaycana qarşı bu münasibətin haradan qaynaqlanmasıdır.

Bunu olkəmizə qarşı təzyiq və ya gözügötürməzlik, dövlətimizin ugurlarını aşağılamaq cəhdləri və ya onun inkişafına qarşı çıxmaq meyilləri kimi dəyərləndirənlər var və müəyyən mənada onları haqlı hesab etmək olar. Amma istənilən hərəkətin son məqsədi var və bu addımların son hədəfinin nə olması, əlbəttə, maraqlıdır.

Qərb və Şərqin qovuşuğundaə yerləşən Azərbaycan qədim mədəni ənənələrin daşıyıcısıdır və özünəməxsus Qərb modernizmi və Şərq səxavətini ehtiva edən qonaqpərvərliyi var. Yeni müasir infrastruktur, idmançılar və qonaqlar üçün nəzərdə tutulan imtiyazlar, maksimum komfortu təmin etmək üçün hər kiçik detalına qədər düşünülmüş təşkilatçılıq məqsədyönlü şəkildə görməməzliyə vurulur, əvəzində isə bəzi ölkələrin siyasi dairələri tərəfindən sifarişli qara PR kampaniyası aparılır. Nümunəvi olmağın həqiqətənmi belə ağır nəticələri olur?

Dünyada baş verən siyasi proseslərin fonunda neytral, balanslaşdırılmış və uzaqgörən xarici siyasət Azərbaycan dövlətinin prioritet kursudur. Azərbaycan Avropa ilə əməkdaşlığına böyük önəm verir və bu əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün məqsədyönlü addımlar atır. Zəngin neft və qaz ehtiyatlarına malik davamlı iqtisadi inkişaf tempi göstərən, müasir və proqressiv insan kapitalı ilə seçilən Azərbaycan Avropanın həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən ən etibarlı tərəfdaşlarındandır və bunu istər beynəlxalq təşkilatlar, istərsə də bir sıra ölkələrin siyasi rəhbərlikləri dəfələrlə bəyan ediblər.

Lakin beynəlxalq təşkilatların son sənədlərində nədənsə Azərbaycan qədər heç bir ölkənin adı hallandırılmır. Bu münasibətin kökündə əslində nəyin, daha doğrusu, kimlərin dayandığı aydındır.

Beynəlxalq aləmdə məhz bu cür yanaşması ilə seçilən Bakı əlbəttə ki, özünə qarşı həminki münasibəti gözləyir. Başdan-ayağa erməni lobbisinin əli ilə dolaşdırılmış Qərb isə hələ dostu düşmənindən, tərəfdaşı opponentdən, strateji maraqlarını isə antitəbliğat reklamlarından ayıra bilmir.

Avropanın bir parçası hesab edilən Azərbaycan uzun müddət öz coğrafi mənsubiyyətinə görə bir sıra alimlərin müzakirə obyekti olub. Dərin araşdırmalar və əsaslı arqumentlər sayəsində Odlar Yurdu Köhnə Qitənin bir hissəsi kimi qəbul edilsə də, hələ də onu Asiyaya aid edənlər var. İslam aləminin ən mütərəqqi ölkələrindən biri, eləcə də böyük Türk ailəsinin bir üzvü olan Azərbaycan həm Qərb, həm də Şərq aləmində kifayət qədər tərəfdaş və dosta malikdir.

Məhz bu sirli mənsubiyyət Azərbaycanı unikal ölkə kimi bütün dünyada tanıdır. Qərbin və Şərqin qapısı olan bu torpaq qədim sivilizasiya məskənidir və bu məsələdə fikir ayrı-seçkiliyi yoxdur. Bizə qarşı qibtə hissi artıq anlaşılandır. Oyunlar bitəndən sonra bu qeyri-ciddi rəqabətə də yəqin ki, son qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti