...

Avropa Oyunlarının məşəli İçərişəhəri də gəzəcək (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 14:17 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarının məşəl səfəri 12 iyun tarixində keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.
Avropa Oyunlarının məşəli İçərişəhəri də gəzəcək (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakı-2015 birinci Avropa Oyunlarının məşəl səfəri 12 iyun tarixində keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək, Buxara və Multanı karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək Məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bakı-2015 məşəli 11 iyun tarixində Qız Qalasından götürülərək 12 iyun tarixində açılış mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən "Sadko" limanına aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti