...

Azərbaycan boksçusu: "Qızıldan başqa medallar mənə maraqlı deyil"

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan azarkeşləri həmişə olduğu kimi, bu rinqdə də mənə döyüşə köklənməkdə müsbət təsir etdilər. Buna baxmayaraq, mənim öz məqsədim, motivasiyam var. Mən bu yarışda mütləq qızıl medal qazanmalıyam. Qızıldan başqa medallar mənə maraqlı deyil".

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında boks yarışlarının yarımfinalına vəsiqə qazanan Kuba əsilli təmsilçimiz Kollazo Sotomayor deyib.

Boksçumuz 1/4 finaldakı görüşünün heç də asan keçmədiyini və bu səbəbdən rəqibinə qarşı fərqli taktika seçməli olduğunu açıqlayıb: "Belə yarışlarda zəif rəqib olmur. Hərə öz taktikasına görə hazırlaşır və hamının də məqsədi qələbə qazanmaqdır. Mən heç kimi zəif rəqib görmürəm. Budəfəki döyüşüm daha çətin oldu. Bugünkü rəqibin ötən dəfəkinə nisbətən daha güclü idi. Rumın boksçunun taktikası fərqli idi. O, həm cəld idi, həm də vaxtında hücuma keçir və müdafiəyə çəkilirdi. Ona görə mən də əvvəlkinə nisbətən fərqli taktika seçdim".

Qeyd edək ki, K.Sotomayor bu gün Kristal Zalda keçirilən boks yarışlarında birinci yarım-orta (64 kq) çəkidə 1/4 finalda Rumıniya boksçusu Daniel Nikuleskuya qalib gələrək yarımfinala çıxıb və bununla da özünə minimum bürünc medalı təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti