...

Qadın paracüdoçumuz qızıl medal uğrunda görüşə çıxacaq (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:31 (UTC +04:00)
57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında cəmi 8 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar. Bu mərhələdə təmsilçimiz Səbinə Abdullayevanın rəqibi İspaniya təmsilçisi Mariya Monik Merensiano Herrero ilə üzləşib.
Qadın paracüdoçumuz qızıl medal uğrunda görüşə çıxacaq (ƏLAVƏ OLUNUB)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 15:06-da yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışları keçirilir.

Trend xəbər verir ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, burada paralimpiyaçıların yarışı keçirilir. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edir. Onlardan biri qadınların, digər ikisi isə kişilərin yarışında mübarizə aparır.

57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında cəmi 8 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar. Bu mərhələdə təmsilçimiz Səbinə Abdullayeva İspaniya təmsilçisi Mariya Monik Merensiano Herrero ilə üzləşib.

Cəmi bir neçə saniyə davam edən qarşılaşmada cüdoçumuz ipponla qiymətləndirən fənd işlədərək vaxtından əvvəl tam qələbə qazanaraq yarışların yarımfinalına çıxıb.

Gözdən əlil kişilərin yarışında 90 kq-dan artıq çəkidə ölkəmizin şərəfini adlı-sanlı idmançı, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev, eləcə də Zakir Mislimov qoruyacaq. Z.Mislimov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşəcək. İ.Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

İndi ümid yalnız 3 paralimpiyaçı cüdoçumuza qalıb.

Azərbaycan 81 kq-dək cüdoçuların yarışında ümumiyyətlə təmsil olunmur.

X X X

Qadın paracüdoçumuz Avropa Oyunlarının qızıl medalı uğrunda görüşə çıxacaq.

Avropa Oyunlarından 57 kq-dək çəkidə gözdən əlil qadın cüdoçuların yarışında ölkəmizi təmsil edən Səbinə Abdullayeva yarımfinalda Ukrayna təmsilçisi Nataliya Nikolayçukla qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz rəqibinə bir vaza-ari və bir yuko xalı ilə qiymətləndirilən fəndlər tətbiq edə bilib. Bununla da qalib gələn Səbinə Avropa Oyunlarında gözdən əlil qadın cüdoçuların yarışının finalına vəsiqə əldə edib.

Qızıl medal uğrunda görüşdə onun rəqibi Ukrayna təmsilçisi İnna Çernyak olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti