Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
Gözlənilməz hadisələrdən sığortalanmayan "Maşın" realiti-şousunun "Revanş" sürətinin dünənki efir günündə model Nigar Talıbovanın tamaşaçılardan dəstək alıb, ən güclü rəqib hesab etdiyi meyxanaçı Rəşad Dağlını oyundan kənarlaşdırması heç də qarşı tərəfin kədərlənməsinə səbəb olmayıb. Bu barədə Trend-ə meyxanaçının prodüseri, rejissor Mahir Vətənxah məlumat verib.
"Əslində Nigarın bu qərarı gözlənilməz olsa da, Rəşadın kefinə mənfi təsir göstərmədi. Hoteldən çıxan kimi dostları onun şərəfinə restoranların birində qonaqlıq təşkil etdilər. Və səhər saatlarına qədər o, vaxtını xoş keçirib. İndi də evdə yatmaqla yorğunluğunu çıxarır. Yəqin ki, yuxudan oyanan kimi bütün suallarınızı cavablandırar", - Vətənxah deyib.
Getdikcə azalan iştirakçılar arasında qızğın mübarizə isə bu axşam da öz axarı ilə davam edəcək. Ehtimallara görə, 21 dekabr tarixində "Maşın" realti-şousunun əsas təşkilatçısı və aparıcısı Murad Dadaşovun doğum gününə təsadüf edəcək canlı yayımda "Pişik" təxəllüsü ilə tanınan müğənni Günel Ələkbərovanın şouda qalıb-qalmaması məsələsi həll olunacaq.