Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Ş.Cavadsoy/
Adı Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməkdə hallanan tanınmış tele-aparıcı və sənətşünaslıq namizədi Elçin Əlibəyli haqqında daha bir xəbərimiz var. Oxuculara məlumdur ki, Elçin həm də uzun müddət çalışdığı "Azad Azərbaycan" (ATV) televiziyasında bədii rəhbər vəzifəsini tutub. Trend-ə açıqlamasında Əlibəyli öz ərizəsi ilə 10 gündən bundan əvvəl tutduğu vəzifəsindən uzaqlaşdığını deyib.
"İşdən çıxmaq haqqında ərizəni özüm yazmışdım. Bunun səbəbi də yazmaqda davam etdiyim elmi işi sona çatdırmaqla bağlıdır. Həmçinin, doktorluq dissertasiyasını müdafiə etməliyəm. Təbii ki, mən artıq ATV telekanalının adından danışa bilmərəm. Təhvil-təslim işləri hələ tam yekunlaşmadığından, şirkətə gedib-gəlirəm. Təyinat olmadığı üçün deyə bilmərik ki, bədii rəhbər vəzifəsini məndən sonra kim icra edəcək", - Elçin Əlibəyli fikirlərini belə izah etdi.
Əlibəyli həmçinin "Sarı gəlin" mahnısını erməni dilində oxuduğu barədə məlumatları ağ yalan adlandırıb.