...

164 kq 800 qr çəkisi olan Azərbaycan aktyoru 3 aya 42 kq arıqlayıb kubok aldı (FOTO)

Mədəniyyət Materials 19 Aprel 2011 17:59 (UTC +04:00)
164 kq 800 qr çəkisi olan Azərbaycan aktyoru 3 aya 42 kq arıqlayıb kubok aldı
164 kq 800 qr çəkisi olan Azərbaycan aktyoru 3 aya 42 kq arıqlayıb kubok aldı (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Ş.Cavadsoy/

3 ay boyunca hər həftənin birinci günü "Space TV"nin canlı efirində yayımlanan "Arıqlamaq istəyirəm" televiziya şousu dünən möhtəşəm finalla sona çatdı. Tamaşaçıların göndərdiyi SMS-lər, eləcə də sona qalan üç iştirakçı arasında gedən qızğın mübarizədən qalib kimi yumorist rolların mahir ifaçısı, aktyor Elşən Bayraməliyev çıxdı. Rəqibləri Atəş Məmmədov və Güldanə Bayramova ilə müqayisədə yetərincə israrlı görünən Elşən Trend-ə açıqlamasında qələbə sevincini bu sözlərlə dilə gətirdi.

"Bəlkə də çoxlarına qəribə gələr, amma mən layihə boyunca bizə doğmalaşan həkimimiz dietoloq Reyhan xanım və tanınmış idman məşqçisi Kamil Zeynallının faydalı məsləhətlərindən yararlanıb, 164 kq 800 qr çəkidən azad olub 42 kq-dan çox arıqladım və indiki çəkim 122 kq 600 qramdır. Bu, çox böyük göstəricidir. Layihədə zəhmət çəkən bütün yaradıcı heyətə - başda "Space TV"nin rəhbərliyi və əməkdaşları olmaqla, Hamdi Temelə, tanınmış televiziya mütəxəssisi, prodüser Kemal Cenk İçtenə, rejissor Könül xanıma, aparıcı dostum, sevimli aktrisamız Xuraman Əlizadəyə, eləcə də mənə birincilik sevinci yaşadan televiziya tamaşaçılarına şəxsən təşəkkürümü bildirirəm. Amma hazırkı çəkimlə kifayətlənmək istəmirəm, inşallah daha 40-50 kq artıq çəkidən azad olmağı qarşıma məqsəd qoyacağam ki, "Arıqlamaq istəyirəm" şousunun ikinci buraxılışına qatılmağa ehtiyacım olmasın", - Elşən Bayraməliyev belə dedi.

Qeyd edək ki, layihə boyunca 134 kq 200 qram çəkiyə sahib olan finalçılardan biri Atəş Məmmədovun çəkisi tam 96 kq 700 qrama düşüb. Bu isə o deməkdir ki, layihə boyunca Atəş 38 kq artıq çəkidən azad olub. İki kişi ilə meydanda sona qədər mübarizə aparmaq iqtidarında olan Güldanə Bayramova isə 120 kq 600 qram olan çəkisini, 78 kq 700 qrama endirməyin öhdəsindən gəlib.

Finalçıları təbrikə gələn müğənnilərdən isə ən yaddaqalan çıxış əməkdar artistlər Firuzə İbadova ilə Cavanşir Məmmədovun dueti oldu. Sonda həm birinci yerin qalibi Elşən, həm də digər finalçılar təşkilat komitəsinin ayırdığı qiymətli hədiyyələrə mükafatlandırıldılar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti