Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın tanınmış estrada müğənnisi, əməkdar artist, "Bülbülər" qrupunun rəhbəri Aybəniz Haşımovanın qızı, "Eurovision-2011" Azərbaycan milli seçimlərinin finalçısı Aynişan Quliyeva 60 min namizəd arasından seçilib. Söhbət 11-14 iyul tarixlərində Belarusda keçiriləcək "Slavyanski bazar" müsabiqəsində Azərbaycanı məhz Aynişanın təqdim etməsindən gedir.
Bu gün anası ilə birgə keçirdiyi mətbuat konfransında junalistlər qarşısına çıxan müğənnilər hazırlıq işlərinin necə aparıldığı barədə danışdılar. "Belə bir mötəbər müsabiqədə iştirak ideyası Azərbaycanın tanınmış modeli Validə Abbasova və onun media nümayəndəsi Feliks Vişnevetski, eləcə də təşkilatçı-prodüser Zaur Kamal tərəfindən gəldi. Açığını demək lazımdır ki, "Eurovision" milli seçimləri zamanı Aynişana qarşı haqsızlıqlarla barışmaq elə də asan olmadı. Bu səbəbdən də qızımın başqa bir müsabiqədə iştirakı barədə düşünmək belə istəmirdim. Lakin görüşümüz zamanı Validə xanım məni inandırdı ki, Aynişan ciddi hazırlaşsa, vətənimizə qələnə ilə dönə bilər. Bu vaxta qədər müğənnilərdən Manana Caparidze, Səbinə Babayeva, "Bəri bax" qrupunun solistləri "Slavyanski bazar"ın səhnəsinə çıxaraq Azərbaycan adından çıxış ediblər. Və çox yaxşı nəticə göstəriblər. Odur ki, bu faktları öyrəndikdən sonra tam əminlikə müsabiqənin seçim turuna qatılmaq üçün Aynişanın sənədləri və şəxsi məlumatları, o cümlədən yaradıcılığı ilə bağlı videomaterialları Belarusa göndərdik. "Hə" cavabı almaq xoş sürpriz olsa da, indi başa düşürük ki, yenidən necə bir məsulliyyətə imza atmışıq. Ümidvaram ki, qızım ümidlərimi doğruldacaq", - dedi Aybəniz Haşımova.
Trend-ə açıqlamasında Aynişan da öz növbəsində qələbə qazanacağı ilə bağlı proqnoz verməkdən çəkinmədi. "Yenidən həyəcan hissi yaşasam da, səsimə və performansıma çox güvənirəm. Birincilik üçün səhnəyə çıxacağam. Əminəm ki, Allahın köməkliyi ilə 19 iştirakçı ölkə arasından qalib kimi öz adımı "Slavyanski bazar"ın seçilmişləri sırasına yazdıracağam", - dedi Aynişan Quliyeva.
Məlumat üçün bildirək ki, Azərbaycandan bu il iki müğənni Belarusda öz istedadını nümayiş etdirmək şansı qazanıblar. Gənclərlə yarışa Aynişan qol qoysa da, uşaqlar arasında keçirilən müsabiqəyə istedadlı azyaşlı Yasin Həsənov seçilib. Jurnalistlər arasında sərbəst çıxışı ilə diqqət çəkən Yasin də "Qran Pri" qazanmaqdan ötrü səhnəyə çıxacağına söz verdi.
Validə Abbasovanın tədbirə qatılacağı gözlənilsə də, populyar Azərbaycan estrada müğənnisi Samira Aynişanın uğuruna sevindiyini nümayiş etdirməkdən ötrü mətbuat konfransına qatılmışdı. Aybəniz xanım sonda onu da bildirdi ki, iyun ayında, yəni müsabiqə ərəfəsində yenidən KİV nümayəndələri ilə görüşüb, səfər öncəsi bütün sualları yaradıcı komanda ilə brigə cavablandıracaq.
Foto: Şahin Cavadsoy