...

Model Günay Musayevadan "Best Model of the World" ilə bağlı emosional açıqlama: "Mənə inanmırsınız?" (FOTO)

Mədəniyyət Materials 15 İyul 2011 16:39 (UTC +04:00)
30 iyul tarixində Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılan "Best model of the World-2010" model müsabiqəsində Azərbaycanın iştrak edəcəyini sual altına alanlara "Best model of Azerbaijan-2010" adını qazanmış model Günay Musayeva olduqca kəskin cavab verdi.
Model Günay Musayevadan "Best Model of the World" ilə bağlı emosional açıqlama: "Mənə inanmırsınız?" (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Ş.Cavadsoy/

30 iyul tarixində Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılan "Best model of the World-2010" model müsabiqəsində Azərbaycanın iştrak edəcəyini sual altına alanlara "Best model of Azerbaijan-2010" adını qazanmış model Günay Musayeva olduqca kəskin cavab verdi.

Dünən sözügedən müsabiqənin təşkilat komitəsindən Trend-ə ünvanlanan yazılı açıqlamadan belə məlum olur ki, ötən il Bakıda keçirilmiş yerli finalda qalib gələn iki iştirakçının yüksək nəticə göstərməsi şübhəlidir. Qeyd edək ki, illərdən bəri beynəlxalq səviyyədə keçirilən müsabiqənin rəsmi internet saytında gecikmiş əsas finala vəsiqə qazanmış iştirakçılar arasında Azərbaycandan qatılacaq finalçının adı göstərilmir. Görəsən, nə səbəbdən Azərbaycan bu dəfə öz qaliblərini seçməsinə baxmayaraq, finalda mübarizə aparmaq hüququna malik deyil. Hazırda İstanbulda yaşayan Günay Musayeva ilə telefon bağlantısı yaratdıq və o, bütün qaranlıq məqamlar barədə Trend oxucularını məlumatlandırmaqda özü maraqlı oldu:

- Bakıdan kim mənə zəng edirsə, ancaq bu mövzu ilə bağlı sual edir. Artıq bezmişəm deməkdən ki, Azərbaycanı bu il Bolqarıstanda keçiriləcək əsas finalda mən təmsil edəcəyəm. Nə etməliyəm? Bakıya gəlib yenidən mətbuat konfransı keçirməliyəm ki, inansınlar sözlərimə? Bu gün müsabiqənin prezidenti Erkan Özermanla görüşəcəyəm. Erkan bəy gecə mənə telefon açaraq əsəbi şəkildə dedi ki, Azərbaycandan onu narahat edib bəzi suallarla müraciət edirlər. Hətta bir jurnalist də onunla danışıb. Azərbaycan dilində yaxşı başa düşmədiyi üçün cavabı olub ki, nə suallar varsa, yığın Günay Musayevaya. Sözlərindən belə məlum oldu ki, o, Azərbaycanda müsabiqə təşkil etdiyinə görə peşman olub.

- Günay, Bakıdan edilən zənglərdə qəribəlik axtarma. Çünki müsabiqənin rəsmi internet saytı www.bestmodeloftheworld.eu-da Azərbaycandan başqa, yarışacaq bütün ölkələrin iştirakçılarının kimliyi haqqında məlumat və fotolar yerləşdirilib. Türkiyənin ötən il seçdiyi ən yaxşı modelləri Yeliz Mete və Çagatay Ulusoy haqqında da informasiya var. Ancaq sən bizə verdiyin açıqlamanda bildirmişdin ki, Azərbaycan və Türkiyə iştirakçıları səhnəni birgə bölüşəcəklər. Yəni sən Azərbaycan və Türkiyə adından, türk model də öz dövləti və vətənimiz adından birincilik uğrunda mübarizə aparacaq.

- Erkan bəy əvvəlcə belə bir təkliflə çıxış etmişdi ki, mən Çağatayla eyni səhnəni bölüşüm. Amma Türkiyənin birinci kişi modeli seçilən Çağatay çox güman ki, mübarizəyə qatılmayacaq. Səbəb xeyli kökəlməsidir. Bir də seriala çəkilməsi ilə bağlıdır. Azərbaycandan iştirakçı kimi adımın siz deyən saytda yazılmamasına gəldikdə isə bunu da araşdıracağam. Yəqin ki, Erkan bəy bununla şəxsən maraqlanar. Bir də axı, adın yazılıb-yazılmaması elə də vacib deyil. Vallah, bezmişəm bu barədə danışmaqdan. Sonuncu dəfə yaratdığınız imkandan yararlanıb deyirəm ki, bəli, xanım model olaraq vətənimi təmsil etmək mənə həvalə olunub. Amma oğlan iştirakçı kimi Azərin müsabiqəyə qatılıb-qatılmayacağı haqqında heç nə bilmirəm. 5 ay bundan əvvəl də bu sözləri demişdim, indi də təkrarlayıram. Mənə inanmırsınız? Bir də ki nə səbəbdən "Best Model " haqqında bu qədər yalan məlumatlar yazılır?

- Bəs, digər dövlətlərdən gələcək xanım finalçılar səhnəyə ölkələrini təmsil edəcək oğlan iştirakçı ilə çıxacaqları zaman sən məyus olmayacaqsan ki, niyə tək mübarizə aparırsan?

- (səs tonunu qaldıraraq) Nə edə bilərəm axı? Şərt qoymalıyam ki, oğlan da yanımda olmalıdır? Yazın ki, menecerim Selin Boronkay ilə birlikdə 25 iyul tarixində Sofiyaya yola düşürəm. Və qalib olmaq üçün səhnəyə çıxacağam...

Xəbər lenti

Xəbər lenti