Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir V.İmanov/
Avqustun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko "Dövlət mükafatlarının verilməsi barədə" 343 saylı fərman imzalayıb. Şəxsi töhfəsinə, peşəkarlığına və yüksək göstəricilərə görə neft, energetika sənayesi, meşə təsərrüfatı, rabitə, təhsil, mədəniyyət və idman xadimləri yüksək mükafatlara layiq görülüblər. Təltif olunan 71 nəfər arasında Azərbaycan əsilli müğənni Günəş Abbasova da var.
Abbasova Belarusda doğulub və orada boya-başa çatıb. Onun ailəsi əslən Azərbaycanın Quba rayonundandır. Abbasova Minskdə və bir dəfə Bakıda "Eurovision"un təsnifat turnirlərində iştirak edib. 2008-ci ildə Belarus Mədəniyyəti Günləri çərçivəsində ilk dəfə tarixi vətənində konsert verib. Müğənni-bəstəkarın repertuarına Azərbaycan müəlliflərinin əsərləri də daxildir.
www.kp.by -ın məlumatına görə, Günəşə yaxşı xəbəri Gənc Estrada Teatrnın direktoru Nikolay Viktoroviç xəbər verib.
"Mən hər şeyin nə yerdə olduğunu dərhal başa düşmədim. Hansı mükafat? Sonra interneti açdım və bu mükafatın əhəmiyyətini anladım. Bir dəqiqə sonra isə özümə sual verdim: mən nəyə görə "Skorina" medalına layiq görülmüşəm? Və başa düşdüm ki, 11 illik yaradıcılıq bioqrafiyamda həm özüm, həm də ölkə üçün kifayət qədər şox şey etmişəm", - müğənni "Komsomol" qəzetinə etiraf edib.
Bu, Belarusdan müğənniyə verilən ikinci mükafatdır. Ona ilk mükafat 2005-ci ildə Lukaşenko tərəfindən Belarus Respublikasının istedadlı gənclərinin dəstəklənməsi üzrə xüsusi fondun təqaüdçüsü kimi verilib.
"Artıq zəng etmişəm və stilistimə yeni paltar sifariş vermişəm", - müğənni qeyd edib.
Arayış: "Fransisk Skorina" medalı sinənin sol tərəfində daşınır. "Fransisk Skorina" 32 mm diametrli dairəvi medaldır. Medalın üz tərəfində Fransisk Skorinanın qabarıq təsviri və "Fransısk Skarına" yazısı, arxa tərəfində "siqnet" işarəsi var. Medal halqa vasitəsilə düzbucaqlı sancaqla birləşdirilir. Medal tompakdan hazırlanır.