...

Qalmaqal! 12 min dollarlıq mahnı iki müğənnini üz-üzə qoydu

Mədəniyyət Materials 20 Oktyabr 2011 14:30 (UTC +04:00)
Şou-biznesdə ilk addımlarını atan gənc mügənni Elvin Abbasovun adı qalmaqalda hallandı. Müğənnini mahnı oğurluğunda ittiham etdilər.
Qalmaqal! 12 min dollarlıq mahnı iki müğənnini üz-üzə qoydu

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Şou-biznesdə ilk addımlarını atan gənc mügənni Elvin Abbasovun adı qalmaqalda hallandı. Müğənnini mahnı oğurluğunda ittiham etdilər. Yaşadığı arzuolunmaz söz-söhbət barədə sənətçi özü Trend-ə danışdı.

"Sözləri Güllər Qəmliyə, musiqisi Aybəniz Güllərə məxsus olan "Can Azərbaycan" mahnısını müəlliflərdən halallıq aldıqdan sonra repertuarıma daxil etmişəm. Daha dəqiqi, kifayət qədər maliyyə vəsaiti xərcləyib oxumuşam. Gizlətmirəm, məbləğ də açıqlaya bilərəm - 10 min manata yaxın xərc çəkmişəm. Mahnı yenidən aranjeman olunub və oxunub. Bütün bunlara baxmayaraq, demirəm ki, mahnı mənimdir. Mahnı Aybəniz xanıma məxsusdur. İstəsə, başqa müğənniyə də təqdim edə bilər. Xatunu başa düşə bilmirəm. O, necə məni oğurluqda ittiham edə bilər? Birinci növbədə xanım, ikincisi də gənc müğənni olduğu üçün hörmətim var. Amma məni tanımaya-tanımaya bu cür sözlər deməməliydi. "Can Azərbaycan"a rejissor Sərxan Kərəmoğlu tərəfindən klip çəkilib və hazırda Türkiyə telekanallarında nümayiş olunur", - Elvin Abbasov belə dedi.

Məlumat üçün bildirək ki, Elvini mahnı oğurluğunda ittiham edən müğənni Xatundur. O, Milli.Az saytına açıqlamasında bunlar demişdi: "Əslində birinci dəfə deyil ki, gənc müğənnilər mənim repertuarımda olan mahnıları ifa edirlər. Qaldı münasibətimə, bəzi xalq artistlərindən fərqli olaraq, mən gənc ifaçılara qısqanclıqla yanaşmıram. Düzdür, mənə zəng vurub halallıq istəməyib. Ancaq oxuyubsa, Allah canını sağ eləsin. Sadəcə, gənclərə məsləhətim odur ki, şou-biznesdə tanınmaq, populyar olmaq üçün yaxşı olar ki, yeni mahnılar oxusunlar, başqa müğənnilərin repertuarlarına müraciət etməsinlər. O mahnı mənim ifamda tanınıb və sevilib, məndən sonra kimin oxuması önəmli deyil".

Trend-ə açıqlama verən Aybəniz Güllər isə olduqca qısa danışdı: "Mahnını yaxşı qonorarın müqabilində Elvin Abbasova özüm təqdim etmişəm. Başqa heç bir açıqlama vermək niyyətində deyiləm".

Xəbər lenti

Xəbər lenti