...

"Zirvə" mükafatına layiq görülmək istəyənlər üçün elan verilib

Mədəniyyət Materials 7 Yanvar 2012 10:08 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsi üzrə təsis etdiyi ənənəvi «Zirvə» mükafatına layiq görülmək istəyənlər üçün elan verib.
"Zirvə" mükafatına layiq görülmək istəyənlər üçün elan verilib

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsi üzrə təsis etdiyi ənənəvi "Zirvə" mükafatına layiq görülmək istəyənlər üçün elan verib. Trend-in şənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Zirvə" mükafatı 2011-ci ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə veriləcək.

Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltaraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr üzrə təqdim oluna bilər.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat hər biri 5000 (beş min) manat həcmində teatr (dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar), musiqi (bəstəkar, ifaçı, musiqişünas), təsviri (rəssam, heykəltaraş, dekorativ sənət, sənətşünas), kino sahələri (ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa), "Debüt" bölməsi (teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün), "Azərbaycan mədəniyyətinə dəyərli töhvə" bölməsi (mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görə) və "Mədəni sərvət" bölməsi (mədəniyyət sahəsindəki uzunillik əvəzsiz xidmətlərinə görə) veriləcək.

Mükafatlar mart ayında Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcək. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunacaq. Mükafata təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.

Xəbər lenti

Xəbər lenti