Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/
Bu gün şair Musa Yaqubun 75 yaşı tamam olur.
Trend-in məlumatına görə, Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
Göyçay pedaqoji məktəbini bitirdikdən sonra İsmayıllının Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və direktor (1958-1967) işləyib.
ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru olub.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.
Şairin təbiəti vəsf edən, məhəbbətdən bəhs edən şeir və poemaları oxucular tərəfindən sevilir.
Onun "Tərəzi", "Bu dünyanın qara daşı göyərməz", "Taleyin qisməti", "Vətən", "Müəllim ömrü" və digər şerləri sevilir və dillər əzbəridir.