Azərbaycan, Bakı, 13 iyun /Trend/
Moskvada "Zafferano" restoranının yeni terrasında "Eurovision 2012" mahnı müsabiqəsi "After Party"si təşkil olunub.
Ötən il Eurovision 2011-in qalibi Eldar və Nigarın qələbəsindən sonrakı əyləncəli gecənin ardınca "Zafferano" bu dəfə də Eurovision pərəstişkarlarını bir araya topladı. Bu dəfə qapılarını Azərbaycanın ev sahibliyi eydiyi unudulmaz Eurovision 2012-dən sonra əyləncə dolu bir gecə üçün açdı.
Trend eurovision.az saytına istinadən məlumat verir ki, gecədə aparıcılığı Eurovision 2012-nin aparıcıları Nərgiz və Leyla edib.
Tədbirdə builki yarışmanın 2-cisi "Buranovskiye babuşki", müsabiqədə 4-cü yeri tutan Səbinə Babayeva, Eurovision 2011-in qalibi Eldar və Nigar, eləcə də Rusiya estradasının ulduzları iştirak ediblər.
Gecənin qonaqları sırasında Filip Kirkorov, Ani Lorak, Vlad Lisobets, Alika Smexova, Ekaterina Andreyeva və digərləri olub.
Ənənəvi "After Party"də Eldar və Nigar, Səbina Babayeva, "Buranovskiye babuşki" Eurovision mahnılarını ifa edib. Gecədə həmçinin Eurovision 2012-nin finalında möhtəşəm şousu ilə yadda qalan Emin xit mahnılarını səsləndirib.
Qeyd edək ki, "Zafferano" 3-cü ildir ki, "Eurovision" mahnı müsabiqəsinin tərəfdaşıdır və Moskvada belə bir tədbir artıq 2010-cu ildən keçirilir. Həmin il Eurovision 2010-un 5-cisi və Eurovision 2009-un 3-cüsü Ayselin, eləcə də Rusiya şou-biznesinin ulduzlarının iştirakı ilə "After Party" təşkil olunmuşdu.