...

Gənc kinematoqrafçıların inkişafı üçün yeni layihələr hazırlanıb

Mədəniyyət Materials 1 Sentyabr 2012 14:23 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Gənc kinematoqrafçıların müasir kinematoqrafda rolu" mövzusunda "dəyirmi masa" keçirilib.
Gənc kinematoqrafçıların inkişafı üçün yeni layihələr hazırlanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Gənc kinematoqrafçıların müasir kinematoqrafda rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq Artisti Şəfiqə Məmmədova İttifaqın gördüyü işlər barədə ətraflı məlumat verib.

Məmmədova qeyd edib ki, qısa müddət ərzində İttifaqa üzv olmaq istəyənlərin sayı artıb. Onun sözlərinə görə, gənclər Azərbaycan kinematoqrafiyasının inkişafında tam məsuliyyətlə, aktiv iştirak edib.

"Məhz bizim əsas məqsədlərimizdən biri də gənc kinematoqrafçılarla bağlıdır. Buna görə də müvafiq dövlət qurumları ilə birgə layihələrin hazırlanması nəzərdə tutulur", - Məmmədova deyib.

O qeyd edib ki, İttifaqın əsas məqsədi peşəkar və istedadlı kino mütəxəssislərini bir araya gətirməklə Azərbaycan milli kinosunun inkişafına töhfə verməkdir.

Məmmədova qeyd edib ki, Azərbaycan kinosunun inkişafı naminə yeni layihələr hazırlanıb və onların həyata keçirilməsi üçün İttifaq öz səylərini gücləndirəcək.

Onun sözlərinə görə, bu layihələr, əsasən, "Yeni tədris mərkəzinin yaradılması", "Gənclər mükafatının təsis olunması", "Bu meydan, bu ekran" kino layihəsi müsabiqələrində Kinematoqrafçılar İttifaqının iştirakı, "Yeni kino" kinoklubunun yaradılması, "İpək Yolu Beynəlxalq Gənclər Kino Festivalı"nın keçirilməsi, "Gənclərə yardım fondunun" yaradılması və müsabiqələrin təşkil edilməsindən ibarətdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, İttifaq hazırda öz sıralarında gənc kinematoqrafçıları birləşdirir və onların sayı az deyil.

"Məhz buna görə də hazırda təmsil etdiyim təşkilatda gənclər üzrə iş komissiyası yaradılır. Bu komissiya çox səmərəli fəaliyyət göstərməlidir və bir çox sahələr üzrə iş aparmalıdır. Bi işlərin sırasında duran əsas məsələlərdən biri də gənc kimematoqrafçıların kimematoqrafik prosesə cəlb olunmasıdır", - Quliyev deyib.

Kinematoqrafçılar İttifaqında hazırda 28 gənc kinematoqrafçının olduğunu söyləyən Quliyev qeyd edib ki, idarə heyətinin qarşıdakı iclasında da bir qrup gəncin quruma qəbul olunması gözlənilir.

"Artıq bununla bağlı müraciətlər var və bu işə baxılır. Biz gənclərə çox böyük ümidlər bəsləyirik. Kinematoqrafiyamızın inkişafı sırf gənclərlə bağlıdır", - Quliyev deyib.

Sonra təşkil edilmiş məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti