...

Ukraynada dahi Azərbaycan sənətkarı Müslüm Maqomayevin heykəli ucaldılacaq (FOTO)

Mədəniyyət Materials 2 Noyabr 2012 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Ukraynada dahi Azərbaycan sənətkarı Müslüm Maqomayevin heykəli ucaldılacaq. Trend-in məlumatına görə, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecədə bildirib.

"Yaşlı nəsil Müslüm Maqomayevi çox gözəl xatırlayır və yetişən gənc nəsilə də elə dahi şəxsiyyət barədə məlumat verilməlidir", - o deyib. Tağıyev bildirib ki, hər bir azərbaycanlı Müslüm Maqomayevdən örnək götürməli, öz xalqını ölkə hüdudlarından kənarda layiqincə təmsil etməlidir.

Tağıyev bildirib ki, həmçinin dahi azərbaycanlı şair Nizami Gəncəvinin də Ukraynada abidəsinin qoyulması nəzərdə tutulur.

"Dahi azərbaycanlı ədiblərin Ukraynada abidələrinin qoyulması ölkəmizin bu ölkədə daha geniş təbliğ olunmasında əsas rol oynayır", - o deyib.

Qeyd edək ki, Kiyevdə Rusiya mədəniyyət mərkəzində ötən axşam Müslüm Maqomayevin "Mənim məhəbbətim - melodiya" kitabının Ukrayna dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib.

UAK tərəfindən keçirilən təqdimatda Azərbaycanın Ukraynadakı səfirinin 2-ci katibi Sabir Rzayev bildirib ki, bütün Azərbaycan xalqı üçün Müslüm Maqomayev sənəti fəxr mənbəyidir. "Maqomayevin "Ey əziz anam, Azərbaycan" sözlərini ifa etməsi hər bir azərbaycanlının qanını dondurur", - o deyib.

Səfirliyin katibinin sözlərinə görə, Müslüm Maqomayev elə nadir şəxslərdəndir ki, öz xalqını bir çox diplomatdan daha geniş təmsil edir.

Rusiyanın Ukraynadakı səfirliyinin mədəniyyət və təhsil üzrə katibi Olqa Skolçuk isə bildirib ki, Müslüm Maqomayevlə bağlı anım gecəsinin keçirilməsini Rusiya tərəfi məmnunluqla qarşılayır: "Maqomayev Rusiya, Azərbaycan və Ukraynada eyni dərəcədə sevilən, dünyada tanınmış sənətkardır. Onunla bağlı təqdim olunan elektron kitab isə Ukraynada hazırkı və gələcək nəsil üçün maraqlı vəsait olacaq", - o deyib.

Tədbirdə çıxış edən digər natiqlər Müslüm Maqomayevin özünəməxsus ifa tərzini qeyd ediblər, onun öz pərəstişkarlarını səmimiliyi və təbiiliyi ilə cəlb etdiyini qeyd ediblər. Anım gecəsində Kiyev Opera Teatrının solistlərinin ifasında Müslüm Maqomayevin repertuarındakı əsərlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti