Azərbaycan, Bakı, 19 mart /Trend/
Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rejissorlar arasında müsabiqə elan edir. Bu barədə Trend-ə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqədə Azərbaycanın tanıtım videoçarxları iştirak edə bilər.
Müsabiqənin şərtləri:
- Müsabiqəyə təqdim edilən videoçarxların xronometrajı 1 dəqiqədən 5 dəqiqəyədək olmalıdır;
- Video çarxlar ancaq bu müsabiqə üçün hazırlanmalıdır;
- Bir müəllif müsabiqəyə bir videoçarx təqdim edə bilər;
- Videolar HD və ya SD formatında olmalıdır.
Müsabiqədə iştirak qaydası:
Videoçarxlar 1 aprel 2013-cü il tarixindən 30 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) DVD, "flash card" və ya "hard" disklərdə təqdim olunmalıdır. Videoçarxlarla yanaşı, müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı və atasının adı, çalışdığı qurumun adı (qurumun vəsiqəsinin surəti, müstəqil rejissorlar isə şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidir), əlaqə telefonu və elektron poçt ünvanı göstərilməlidir.
Qaliblərə mükafatlar təqdim olunacaq.
Mükafatlar:
1-ci yerin qalibi üçün 1 ədəd peşəkar mini video kamera
2-ci yerin qalibi üçün 1 ədəd masaüstü kompüter
3-cü yerin qalibi üçün 1 ədəd noutbuk
Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat-mini planşet kompüter təqdim ediləcək.
Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.