Azərbaycan, Bakı, 1 aprel / Trend Life, müxbir V.İmanov /
Park Bulvar Ticarət Mərkəzinin birinci mərtəbəsində, "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan rəssam Çingiz Babayevin "POZİTİV VƏ YA NEQATİV" adlanan bədii-sosial layihəsinin təqdimatı keçirilib.
Tədbirdə YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, məşhür ictimai xadimlər, mədəniyyət və incəsənət sahəsinin nüfuzlu nümayəndələri iştirak ediblər.
Layihə "YARAT!" Müasir İncəsənət Məkanının təşkil etdiyi sayca ikinci "Public Art" festivalının çərçivəsində təqdim edilib. Bu il festival "Participate" Baku Public Art Festival adlanır və adından göründüyü kimi həm müəllifləri, həm də müasir incəsənət pərəstişkarlarını daha aktiv fəaliyyətə çağırır. Proqrama 10 layihə daxildir, bunlardan 5-i xarici ölkələrin iştirakçıları (Rusiya, Gürcüstan, Portuqaliya, Böyük Britaniya və ABŞ) tərəfindən hazırlanıb və həyata keçirilib. Bu il iştirakçıların əksər işləri məna etibarı ilə interaktiv olacaq və tamaşaçını həm fiziki, həm də emosional olaraq cəlb edir.
Əsas proqramdan əlavə festivala geniş maarifləndirici layihələr də daxil edilib. Festival iştirakçıları mühazirələr, seminarlar və master-klasslar silsiləsini təşkil edəcəklər. Arzu edən hər kəs bu tədbirlərdə iştirak edə bilər.
POZİTİV VƏ YA NEQATİV?
Hər birimiz gündəlik həyatımızda müsbət və mənfi təəsuratların yerdəyişməsi ilə qarşılaşırıq.
Bizim daxili vəziyyətimizə ictimai-siyasi, mədəni və şəxsi həyatımızda baş verən hadisələr təsir edir. Nəzərə çarpmayan mənfi hal milyonlarla insanlara təsir edə və böyük miqdarda neqativ təəsurat yarada bilər. Eyni formada pozitiv əldə edilə bilər, lakin pozitiv vəziyyətə düşmək və bu halı qoruyub saxlamaq, neqativ halın yaranması üçün vasitəçi olmaqdan qat-qat çətindir. Müsbət enerjinin yaranması üçün insanların daxilində ən azından müsbət qığılcım, optimizm, həyata sevgi və inam hissi olmalıdır. Təəsüf olsun ki, son vaxtlar bu hallara çox az rast gəlinir. Mənfi aura isə çox tez yaranır və sürətlə yayılır. Ümumi mənada neqativ ruh, cəmiyyətdə narazılığın yaranmasına gətirib çıxarır. Rəssam Çingiz Babayevin fikrincə, ilk növbədə mənfi enerjinin yarandığı mənbəni tapmaq və bu mənbəni müsbət tərəfə yönəltmək lazımdır. Optimist ruh və həyat sevgisi neqativ abu-havanın aradan qaldırılmasına kömək edə bilər, nəticədə müsbət iqlimi formlaşdırar. Sakinlər arasında əhval-ruhiyyənin necə dəyişdiyini üzə çıxartmaq məqsədi ilə rəssam bədii-sosial konsepsiyalı sorğu layihəsi hazırlayıb, harada əsas və yeganə sual aşağıdakı olacaq:
"Gündəlik həyatınızda tez-tez qarşılaşdığınız (pozitiv və ya neqativ) hallar hansılardır?"
Layihə 30.04.2013 tarixinə kimi davam edəcək.