...

"Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək

Mədəniyyət Materials 10 İyul 2013 19:53 (UTC +04:00)
İyulun 11-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş "Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək.
"Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 11-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş "Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdiriləcək.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olmuşdur. O, sənətin sirlərini əvvəlcə Bakıdakı "Pionerlər evi"ndə tanınmış rəssam Kamil Xanlarovdan öyrənmiş, təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1945), daha sonra isə Litva İncəsənət İnstitutunda (1950) davam etdirmiş, rəssamlıqla yanaşı Vilnüs Konservatoriyasında klassik vokal sənətinə də yiyələnmişdir. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.

1961-ci ildən etibarən Polşa, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, İtaliya, İspaniya, Almaniya, Fransa, Türkiyə, ABŞ, Kanada, Kuba, Hindistan kimi bir çox ölkələrdə yaradıcılıq səfərlərində olmuşdur. T.Nərimanbəyovun Bakı, Moskva, Praqa, Belqrad, Vilnüs, Volqoqrad, Havana, Ştutqart, Sofiya, Paris, Lvov və.s şəhərlərdə keçirilmiş çoxsaylı fərdi yaradıcılıq sərgiləri sənətsevərlər üçün bir bayram hadisəsinə çevrilmiş və daim maraqla qarşılanmışdır. Dünyanın onlarla məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya və s. əsərləri T.Nərimanbəyova böyük şöhrət qazandırmışdır. Doğma Vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir.

Yaradıcılığı dünyanın tanınmış sənətşünas alimləri, nüfuzlu ekspert və rəssamları, həmçinin dövlət və ictimai xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli rəssamın təltif olunduğu nüfuzlu beynəlxalq mükafat və medallar onlarladır. 1964-cü ildə Azərbaycanın Əməkdar Rəssamı, 1989-cu ildə isə SSRİ Xalq Rəssamı kimi yüksək fəxri adlara layiq görülmüşdür. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində T.Nərimanbəyova 1974-cü ildə Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinin bədii tərtibatına görə Azərbaycanın, 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinin bədii tərtibatına görə isə SSRİ-nin Dövlət mükafatları verilmiş, elə həmin il rəssam "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. Toğrul Nərimanbəyov müstəqil Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Kamera və Orqan Musiqisi Zalında T.Nərimanbəyovun solo konserti keçirilmiş, onun nadir istedadının və yaradıcılıq imkanlarının başqa bir tərəfi də yüksək qiymətləndirilmişdir.

T.Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat etmiş, iyulun 3-də Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti