...

Ukraynada Azərbaycan klassik musiqisi günü keçirilib

Mədəniyyət Materials 16 Oktyabr 2013 20:19 (UTC +04:00)
26 sentyabr – 18 oktyabr 2013-cü il tarixlərində Lvov şəhərində keçirilən XIX beynəlxalq müasir musiqi festivalı çərçivəsində oktyabrın 13-də Lvov filarmoniyasının S.Lyudkeviç adına konsert salonunda Lvov şəhər administrasiyasının təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin təşkilati dəstəyi ilə Azərbaycan musiqisi gecəsi təşkil olunub.
Ukraynada Azərbaycan klassik musiqisi günü keçirilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

26 sentyabr - 18 oktyabr 2013-cü il tarixlərində Lvov şəhərində keçirilən XIX beynəlxalq müasir musiqi festivalı çərçivəsində oktyabrın 13-də Lvov filarmoniyasının S.Lyudkeviç adına konsert salonunda Lvov şəhər administrasiyasının təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin təşkilati dəstəyi ilə Azərbaycan musiqisi gecəsi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında Lvov Vilayət Şurasının sədri Pyotr Kolodiy və Səfir Eynulla Mədətli çıxış ediblər. Konsertdə Lvov ictimaiyyətinin nümayəndələri, Kiyevdən gəlmiş Ukrayna Mədəniyyət Nazirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Azərbaycan musiqisi gecəsinin proqramına uyğun olaraq konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin fortepianoda müşayiəti və Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə "İNSO-Lviv" akademik gənc simfonik orkestrinin ifasında Sultan Hacıbəyovun "Karvan" simfonik poeması, Fikrət Əmirovun Elmira Nəzirova ilə birgə fortepiano və orkestr üçün bəstəsi, Firəngiz Əlizadənin "Sehrli nağıllar" simfoniyası, Qara Qarayevin "Don Kixot" simfonik qravürü, Fikrət Əmirovun "Azərbaycan kapriçiosu" səsləndirilib.

"İNSO-Lviv" akademik gənc simfonik orkestri konsertdə yüksək peşəkarlıq nümayiş etdirib və klassik Azərbaycan musiqi nümunələrini məharətlə ifa edib.

Azərbaycan və Ukrayna musiqiçiləri tərəfindən Fəxrəddin Kərimovun dirijorluğu ilə bu orkestrin ifasında Azərbaycan musiqisi kosertlərinin Ukraynaya qonşu olan Bolqarıstan, Rumıniya, Polşa və Macarıstanda da təşkil edilməsi təklifi irəli sürülüb, Lvov vilayət rəhbərliyi təklifi dəstəkləyərək bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin mümkün olduğunu bildirib.

Tərəflər bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Azərbaycan musiqisi gecəsi Lvovun aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırıb.

Xəbər lenti

Xəbər lenti