...

Ennio Morrikone ilk dəfə olaraq Azərbaycan tamaşaçılarına konsert verəcək

Mədəniyyət Materials 24 Yanvar 2014 13:56 (UTC +04:00)
2014-cü il yanvarın 25-də Heydər Əliyev sarayında dövrümüzün böyük bəstəkar və dirijoru Ennio Morrikone möhtəşəm konsertlə çıxış edəcək.
Ennio Morrikone ilk dəfə olaraq Azərbaycan tamaşaçılarına konsert verəcək

Azərbaycan, Bakı, 24 yanvar/Trend/

2014-cü il yanvarın 25-də Heydər Əliyev sarayında dövrümüzün böyük bəstəkar və dirijoru Ennio Morrikone möhtəşəm konsertlə çıxış edəcək.

"Nar Mobile" şirkətindən cümə günü Trend-ə verilən məlumata görə, konsert "BUTA" İncəsənət Mərkəzi tərəfindən, Fireland Vineyards və NAR Mobile mobil operatorunun sponsorluğu ilə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin və İtaliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

Konsert öncəsi, 24 Yanvar tarixində keçirilən mətbuat konfransını giriş sözü ilə açan "BUTA" İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev qonaqları salamlayıb və konsert haqqında məlumat verib.

Daha sonra çıxış üçün söz alan dünya şöhrətli bəstəkar Morrikone Bakıda olmağından məmnunluğunu bildirib: "Mən xoşbəxtəm ki, möhtəşəm şəhər olan Bakıda çıxış etmək şərəfinə layiq görülmüşəm. Konsertdən zövq alsanız çox şad olaram və ümid edirəm ki, konsert zamanı sizin sevginizi hiss edəcəyəm. Hər kəsə təşəkkürlər".

Mətbuat konfransında çıxış edən Nar Mobile-ın baş icracı direktoru Kent Maknili bu konsertin ölkənin ictimai-mədəni həyatında əlamətdar bir hadisə olmasından söz açıb və mobil operatorun ölkənin mədəniyyət və incəsənətinin inkişafına verdiyi önəmi vurğulayıb.

"Oskar" mükafatı laureatı və dəfələrlə namizəd, "Qızıl Qlobus" və "Qızıl Şir" mükafatının laureatı, Venesiya Film Festivalının qalibi Maestro Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə unudulmaz konsert verəcək. Maestro Morrikone ilə birlikdə Heydər Əliyev Sarayının səhnəsində 200-dən çox musiqiçi olacaq.

Maestro İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox kino və seriala musiqi bəstələyib. Onlardan "Bir zamanlar Amerikada", "Professional", "Yaxşı, pis və qəddar", "Bir dəfə vəhşi Qərbdə", "Malena", "Dekameron", "Lolita", "Kill Bill" və bir çox digər filmlər dünya kinomotoqrafiyasının şedevrlərinə çevriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti