Yazıçı-publisist Yunus Oğuz
Hələ sovetlərin vaxtında, bahar bayramının keçirilməsinin qadağan olunduğu o illərdə "Novıy Qod" deyilən və bizə sırınan (baxmayaraq Yeni il bayramı heç də onların deyil) bayramdan fərqli olaraq Bahar bayramını səbirsizliklə gözləyərdik; yumurta döyüşdürməsi bir aləm idi. Bazara girən uşaqlar və cavanlar dəstələmə çöməlib yumurta döyüşünə başlardılar. "Qatar" deyilən bu oyuna yeddi-səkkiz nəfər qoşular, "tut vurum" deyərdilər. Nəticədə bir nəfər, kimin bayram yumurtası sağlam qalırdısa yetmiş-səksən yumurta udardı. O da yerindəcə həmin yumurtaları satar, ya da çatlamış zəfər yumurtalarını evə aparardı.
Bütün çərşənbə axşamları bayram idi; əski çit parçalardan yumaq düzəldər, onu aliminium məftilə sarıyar, sonra kerosinlə isladıb od vurardıq. Bizdə buna lopa deyərdilər. "Lopa atdı" oyununa girişərdik. Təsəvvür edin; otuz, qırx uşaq mərc gəlirdi ki, kimin lopası göydə, yaxud indiki dildə desək, havada daha çox qalacaq, hamının lopasından sonra yerə düşəcək. Lopanı hazırlamaq qaydaları vardı. Göydə uçub şütüyən, bizə xüsusi zövq verən lopalar göyə (bilə-bilə havaya yazmıram) atıldıqda uşaq ağlımızla hiss edirdik ki, göylə bizim aramızda hansısa əlaqələr var, amma bunu bizə unutdurublar, yaddaşımızı pozublar. Keçmişi bilmədən gələcəyə getmək çox çətindir, illah da unudulanlar üçün. Ancaq qan yaddaşı lopalar atılanda geri çevrilirdi. Bir anlığa göyə atılan lopalar ulduzlara dönürdü. Göydə sayrışan ulduzlar bizim üçün əlçatmaz olduğundan biz onların yerdə, lopadan maketini yaradardıq. Nənələrimiz deyirdi axı, göydə hər kəsin öz ulduzu var. Biz göydəki ulduzları lopalara düzürdük; öz taleyimizi uca Allahın yazdığı yolla, özümüz gücümüz çatdığı qədər gedirdik. Hələ sonrası var! Qaş qaralanda tonqal qalayardıq. Qadağa olunmasına baxmayaraq Azərbaycanda bir məhəllə belə tonqal qalamaqdan vaz keçməzdi.
Allahın buyurduğu sonuncu kitabda-"Qurani Kərim"də və hədislərdə Azərbaycanda yaşayan bütün xalqların "tonqal qalama" adəti haqqında heç nə deyilməyib. Amma, Salavatullah Məhəmməd peyğəmbərə qədər bizim də peyğəmbərlərimiz olub; (s) Nuhun oğlu Yafəs, Xızır(s), İlyas(s), Zərdüşt(s), Oğuz xan və başqaları. Axı hədislərdə deyirlər ki, Allah yer üzünə yüz iyirmi dörd min peyğəmbər göndərib. Bunlardan isə yalnız iyirmi səkkizinin adı "Qurani-Kərim"də birbaşa, altısının adı isə dolayı çəkilir.
Min illərin təcrübəsini qan yaddaşımızda canlandırırdıq. Özümüzdən asılı olmayaraq keçmişimizi bu günümüzə qədər qaytarırdıq. Od yandırır, şamları işıqlandırırdıq. Şama gəlincə. Bəziləri deyirlər ki, şam yandırmaq adətini Azərbaycana Şah İsmayıl gətirib, çünki o xristianlara bağlı idi. Düzdür Şah İsmayıl bunu edib, şam yandırmaq, oda məhəbbət göstərməyi tövsiyyə verib. Amma, bunun xristanlara nə dəxli? İlk dəfə şam yandırmaq, evi işıqlandırmaq, evi-eşiyi yad nəzərlərdən qorumaq çöl mədəniyyətinin daşıycısı olan türklərdən gəlib. Heyvan piyindən sabun hazırladıqları kimi, şam da hazırlayırdılar. Bunu bilməmiz lazım. Bir yazıda "Qurani Kərim"də odla təmizlənən və sınan peyğəmbərimizin hadisələrindən yazmaq istəmirəm.
Bahar bayramı min illərdən, bəlkə də on min illərdən öncə, içimizə süzülən (su-od-yel-torpaq) bir bayramdır. Biz bunu içimizdə, qanımızda daşıdıq, bununla öyündük, bu fikri gələcəyə apardıq. Biz bunu yazmadıq, buna əməl etdik, ancaq yunan filosofu Fales dünyanın yaranmasını bu dörd ünsürdə gördü, yazdı filosof oldu. Biz isə buna güldük. Guya o kəşf etdi. O kəşf isə bizim içimizdə millət kimi-Nuhun oğlu Yafəsin vaxtında yaşayırdı və bizim üçün adi bir şey idi.
Deyəsən çox dərinə getdim, yoxsa Allahın yaratdığı Adəmdə Allahın yaratdığı bu dörd ünsürü göstərə bilərəm. Yenə kökümüzə qayıdıb lovğalanırdıq, öz-özümüzə deyirdik ki, bu onsuz da hamıya bəllidir də, ancaq belə deyil.
Qayıdaq tonqal üstü tullanmağa. Bu adi bir ritual deyildi. Bu güvənc yeri idi,bu özünə qayıtmaq idi. İnsanlar, daha çox uşaqlar bunu edərdilər. Oddan qorxmayıb üstündən atılanlar gələcəkdə heç bir işdən çəkinməzdilər, kimisi gözəl sənətkar, şair, padişah, yazıçı, cəngavər olurdu, kimisi isə babalarımızın min illərlə qoyduğu adətləri gələcəyə daşıyırdı. Belə yaşayaraq on yeddi imperiya, altmış yeddi ölkə qurduq. Bu oddan irəli gəlirdi. Ağıl, cəsurluq, qorxmazlıq və insani hissləri Bahar bayramı birləşdirirdi. Buna görə əzəmətli idik, ağıllı və boylu-buxunlu idik. Hələ sonrası var. İndi az qala unutduğumuz "qurşaq atdı" və subay qızlarımızın "qulaq pusdusu".
"Qurşaq atdı"nın bir ayrı aləmi vardı. İndi ona "papaq atdı" deyirlər, amma düz deyil. Uşaq ta cocuqluqdan bilirdi ki, papaq başdan düşməz, düşdüsə adın getdi, adın getdisə canının getməsi daha yaxşıdır. Papaq bir namus işi idi. Hanı bizdə o zamanlar? Evlərə, çadırlara ya qurşaq, ya da xurcun atılardı. Qurşağın mənasını açım. Belə dolanan üç-dörd metrlik parçaya qurşaq deyilərdi. Onu belə dolayardılar. Parçanın qiymətindən asılı olaraq qurşaq taxanın hansı sosial təbəqəyə aid olduğu bəlli olurdu. Qurşaq həm də beli isti saxlamaq üçün idi, nəsil artırmağın ən ideal variantı idi. Qurşaq taxmaq, at çapmaq demək olar ki, bizim babalarımızı radikulitdən və prostatdan xilas edirdi. İndi isə hər kəs ondan ziyan çəkir. Unutduqlarımız çox şey var. Cılızlaşırıq, təkcə mənəvi cəhətdən deyil, həm də fiziki cəhətdən...
Qapı döyülərdi, qurşağımızı, yaxud torbamızı onun qarşısına qoyub özümüz gizlənərdik. Ev sahib bilməli deyildi ki, qurşaq atdıya onun düşməninin, yaxud dostunun uşaqları gəlib. Bu ərəfədə onun üçün hər kəs eyni idi, hər kəsə eyni gözlə baxmağa borclu idi, əks təqdirdə babaların qoyduğu qaydaları pozmalı olardı.
Kitabımız "Dədə Qorqud"da "Qazan xanın evinin yağmalanması" deyilən bir boy var. Deməli Qazan xan ildə bir dəfə elin,obanın bəylərinə qoyulmuş qayda əsasında özündən asılı olmayaraq razılıq verərdi ki, gəlib onun var-dövlətini götürüb aparsınlar. Kasıb kasıbçılıqdan çıxsın. Bəylər də o cürə edərdilər, onlar da öz bəyliklərində bütün ətrafına tapşırardılar ki, evində nə varsa gəlib yığmalasınlar. Nəticə nə idi, üsyan yox, etiraz yox, ulusuna sədaqət, hakiminə, sultanına, padişahına ehtiram və hörmət var idi.
Bahar bayramını, elə bil Dədəm Qorqud yalnız bizə ərməğan qoyub getmişdi.
İmkanlı ailənin uşaqları "qurşaq atdı" ya getməzdilər, gedənlər bizlər idik. Torbaya yığılan Allahın o gözəl nemətlərini düz bir ay yeyərdik. Hər kəs payını bizimlə bölüşdüyündən kiçik çiləni, boz ayı belə yola verərdik. Sonrası nə qalırdı ki? Sonra tərəvəz yetişdirərdik, onunla dolanardıq. Beləcə böyüyərdik, beləcə kiçik daxmamızdan meyvə-tərəvəz yeyə-yeyə böyük dünyaya çıxardıq. Balaca dünyamızı böyük dünyaya çevirəndə dünyanı idarə etmək haqqında fikirləşərdik, amma adətlərimizi unutmazdıq.
İndi isə hər şey dəyişib. Şəhərlərdə köhnə məhəllə sakinləri tonqal qalayar, üstündən çox vaxt tullanıb "ağırlığım burada qalsın" deməzlər. Köhnə məhəllədə uşaqlar hər çərşənbə axşamı qapını döyüb zonda geyinilən papaq atarlar, heç gizlənməzlər. Üzünə şax-şax durarlar ki, əmi, dayı, papağın içinə meyvə-zad qoyma. Pulun varsa pul qoy, çünki papaq çirklənər.
Elə bil kimsə bizə Bahar bayramını unutdurmağa çalışır. Bu yaxşı ki rəsmi törənlərdə edilmir.
Bahar bayramını duymaq, hiss etmək lazımdır. O bizi keçmişdən gələcəyə aparır, qəlbimizdə mərhəmət, insani hissləri oyadır, qanımızı coşdurur.
Bahar bayramında torpaq oyanır, onunla yanaşı insan da oyanır. Nəyə isə yararlı olmaq istəyir. Deyəsən bunlar yaddan çıxıb. İndi yararlı olmaq xaricdən gələn müxtəlif iş adamlarına və təriqət sahiblərinə daha sərfəlidir.
Bahar bayramınız mübarək!
Kökünüzdən ayrılmayın!
P.S. Mən həyat rəmzi olan səmənidən söhbət açmadım.