Azərbaycan, Bakı, 7 mart /Trend/
Bakıda bu il martın 31-dən aprelin 27-dən Cahangir Səlimxanovun "Yaradıcı qüvvəni hərəkətə gətir(ək)" adlı ustad dərsləri keçiriləcək.
Trend-in məlumatına görə, müsiqişünaslıqda ilk addımlarını atmış, sonralar isə müxtəlif incəsənətin növləri və mədəniyyətin sahələrində aid onlarla layihələrə imza atmış Cahangir Səlimxanov həmkarları arasında "yeni fikirlər dəryası", başqalarını yaradıcı ideyalara sövq etmək və şövqləndirmək əzmində olan, hətta yeni yaranan bir cəryan, yaxud qizli imkana işarə edə bilən bir şəxs kimi rəğbət qazanmışdır. Onun həyata keçirdiyi ideyalar arasında Hindistanda ilk dəfə nümayiş edilmiş iki ənənəvi musiqi mədəniyyətini qovuşduran konsert proqramından tutmuş, qədim qayaüstü rəsmlər mənzərəsi qoynunda bərpa olunmuş balet tamaşası, Şimalı Avropanın beş ölkəsindən olan təsviri sənət ustalarına sifariş olunmuş Bakının ətraflarındakı mədəniyyət evləri üçün public/community art əsərlərində teatrda gender mövzusuna həsr edilmiş festivala qədər rast gəlmək olar.
TƏLİM KURSUNUN TƏSVİRİ:
Yaradıcılıqın bədahətən əmələ gəlməsini onun başlıca keyfiyyəti saydığımız üçün, bu incə məfhumu çətin ki bilavasitə tədris etmək mümkündür. Bunula belə, fərdi, qrup və kollektiv yaradıcılıqın ərsəyə gətirilməsi amilləri barədə düşünməyə və onları eksperiment şəraitində sınamaqa dəyər.
Təlim kursunun əsas mövzu dairəsi bədii yaradıcılıqdır, lakin yaradıcı düşüncə və əməl anlamlarının daha geniş yozumunayer verildikdə, bu səpkili təcrübə hər bir peşə sahibi üçün faydalı görünə bilər. Şəxsi, şəxslərarası və şəxsdənkənar yaradıcı proseslərin müxtəlif müstəviləri sərbəst və zövqverici tərzdə təhlil olunacaqdır.
Kurs heç bir mövhumat və ayrı-seçkinliyə yol vermədən, qrupun tərkibindən asılı olaraq azərbaycanca və ya rusca aparıla bilər, buna görə də iştirak etmək niyyətində olanlar mühazirələri hər iki dildə qavramağa hazır olmalıdırlar. Bununla belə, fərdi məşğələlərdə seçim hər bir tələbənin dil bacarığı səviyyəsinə müvafiq olaraq təyin ediləcək.
İŞTİRAKÇILARA TƏLƏBLƏR
18-36 yaş həddi arasında, istənilən fəaliyyət sahəsi və peşəkar istiqamətdən olan, özünün təxəyyül gücünü sərbəst ifadə etməyə, fərdi yaradıcılıq məhsulu və birgə təcrübələr barədə müasir mülahizələri öyrənməyə hazır və innovativ ideya və həlləri formalaşdırmaq və ifadə etməyə meyli olan gənc. Seçilmiş tələbələrdən kurs boyu fərdi bloqlarını yazmaq, böyük həcmdə ədəbiyyatla (əsasən, ingilis dilində) tanış olaraq icmal yazmaq və kursun fəaliyyəti ilə parallel olaraq hazırlanan və genişləndirilən internet saytı üçün öz materiallarını təqdim etmək tələb ediləcək.
CƏDVƏL
Hər biri aşağıdakı cədvələ uyğun tərtib edilmiş dörd tədris həftəsi:
Bazar ertəsi, 17:00-dan 21:00-a qədər - mühazirə və müzakirələr;
Çərşənbə axşamı və Çərşənbə - cədvələ salınmış individual sessiyalar;
Cümə axşamından Şənbəyə qədər - ev tapşırığı və təlimçi ilə onlayn və oflayn məsləhətləşmələr;
Bazar, 11:00-dan 19:00-a qədər - işlənib-hazırlanmış ideya və iş layihələrinin təqdimatı ilə birgə sessiyalar.
YEKUN
Kurs iştirakçılarının fərdi bloqlarından və eynilə dörd həftəlik məşğələlərzamanı verilmiş tapşırıqlar əsasında ərsəyə gələcək sənət əsəri (və ya tədbir/ innovativ sosial təşəbbüs/ satış məhsulu) ideyaları özündə ehtiva edən veb-saytın yaradılması nəzərdə tutulur. İnternet mıəkanında yerləşdirilən belə bir "ideyalar bazarı" həm marağında olan yeni tərəfdaşlar, həm də kurs iştirakçıları arasında sonrakı əməkdaşlığın inkişafına şərait yarada bilər. Yenicə işlənib-hazırlanmış ideyalar toplusundan olan təkliflərin hər zaman yeni istedadların yolunu gəzən YARAT-ın dəstəyi və tanıdılması da istisna olunmur.
QEYDİYYAT:
Qeydiyyat üçün başlanma tarixi: 25 fevral, 2014
Qeydiyyat üçün son tarix: 20 mart, 2014
Xahiş edirik, doldurulmuş qeydiyyat forması ilə yanaşı iştirakınızın səbəblərini əsaslandıran məktubu təqdim edəsiniz (ən azı 200 sözdən ibarət)
E-mail ünvan: [email protected]
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcək. Seçilmiş iştirakçılara kursun başlanma tarixinə qədər nəzərdən keçirilməsi tələb olunan bəzi materiallar (oxu materialları, videofilmlər, veb-saytlar) təqdim ediləcək.