...

Londonda Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib

Mədəniyyət Materials 12 Mart 2014 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

7 mart 2014-cü ildə Londonun ən böyük zallarından biri olan Mərkəzi Vestminster zalında (Central Hall Westminster) London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilmişdir. Həmin gecə orkestrə Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov dirijorluq etmişdir.

Konsert İkinci "Xəzər dəhlizi" konfransı (Caspian Corridor Conference) çərçivəsində "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının, Britaniya-Azərbaycan İşgüzar Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə dəstəyi ilə baş tutmuşdur.

"Buta" İM London Fond Birjasında (London Stock Exchange) keçirilən "Xəzər dəhlizi" konfransının (Caspian Corridor Conference) təşkil edilməsində də iştirak etmişdir: tədbirin xüsusi firma üslubu işlənib hazırlanmış, meydançanın tərtibatı üzrə işlər görülmüş, konfrans iştirakçıları üçün Azərbaycan yeməklərindən ibarət menyu diqqətlə seçilmiş və s. işlər görülmüşdür.

Həmçinin, köhnə Bakının fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdir. "Buta" İM bu sərgini "Bakı sirləri" verilişinin müəllifi və aparıcısı Fuad Axundovun dəstəyi ilə həyata keçirmişdir. Fotosərgi həm konfransın keçirildiyi ərazidə - London Fond Birjasında, həm də konsert zalında - Mərkəzi Vestminster zalında keçirilmişdir.

Konsert Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" əsəri ilə başladı və möhtəşəm Vestminster zalı bütünlüklə Natəvan Quliyevanın ifa etdiyi orqanın canlandırıcı səsi ilə doldu. Bundan sonra dərhal Şərqin iki böyük şairi olan Hafizin və Sədinin poeziyasından ilhamlanan Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamı səsləndi. Əsərin orkestr palitrası öz incəliyi və koloritliliyi, müxtəlif polifonik üsulları və gözəl ahəngləri ilə gecənin qonaqlarını valeh etmişdi.

Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundovanın ifasında Fikrət Əmirovun və Elmira Nəzirovanın fortepiano və orkestr üçün ərəb mövzusunda konsert səsləndirildi. Bu, görkəmli Azərbaycan bəstəkarlarının yaratdıqları musiqinin, Kral orkestrinin peşəkarlığının və məşhur Azərbaycan pianoçusunun nümayiş etdirdiyi ustalığın vəhdət təşkil etdiyi əsl musiqi bayramı idi.

Daha sonra səhnəyə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və perspektivli solisti Afaq Abbasova çıxdı. Onun ifasında gözəl melodiyalar - Niyazinin "Arzu" romansı və Fikrət Əmirovun eyniadlı operasından Sevilin ölməz ariyası səsləndirildi. Afaq öz gözəl səsi və səmimiyyət dolu hissləri ilə London tamaşaçısının qəlbini fəth etdi.

Gecənin kulminasiya nöqtəsi isə Qara Qarayevin "İldırımlı yollarla" baletindən ikinci süita oldu. Tamaşaçılar dirijor Yalçın Adıgözəlovun, solistlər - Yeganə Axundovanın, Afaq Abbasovanın, Natəvan Quliyevanın və Kral orkestrinin ifalarını çoxlu gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşıladılar.

"Buta" İM-nin Baş direktoru Nəsib Piriyev: "Hər şey planlaşdırıldığı kimi keçdi - biz konfransın, sözün əsl mənasında, işgüzar olmasını, təkcə biznes haqqında danışmaq yox, həm də elə buradaca iş görmək istəyirdik! Çoxsaylı qonaqlar və iştirakçılar, Xəzər dənizi regionundan və dünyanın digər bölgələrindən olan şirkətlər, müxtəlif ölkələrin hökümət nümayəndələri - regionda biznes-proseslərə təsir göstərən bu sayda insanı tez-tez bir araya gətirmək asan məsələ deyil və belə bir fürsətdən faydalanmaq lazımdır. Konfransın əsas proqramı ilə paralel olaraq, səhnə arxasında iştirakçıların həyatı qaynayıb qarışırdı - otaqlarda qızğın surətdə işgüzar görüşlər və danışıqlar keçirilmiş, memorandumlar və hətta bir neçə müqavilə imzalanmış, "AzMeCo" şirkəti isə yeni iri layihəyə daxil olmasını elan etmişdir. Belə hesab edirəm ki, "səhnəarxası" fəallıq gələn il daha çox olacaq və Londonda keçirilmiş Konfrans yaxın gələcəkdə Azərbaycanın və ümumilikdə Xəzər regionunun çox ehtiyac duyduğu tamdəyərli bir işgüzar meydança olacaqdır. Uzunsürən günün möhtəşəm Azərbaycan klassik musiqisi ilə başa çatdırılması artıq konfransın ənənəsinə çevrilmişdir."

"Buta" İncəsənət Mərkəzi haqqında:

2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış "Buta" İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. "Buta" İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir - mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti