...

Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılacaq

Mədəniyyət Materials 30 Aprel 2014 16:26 (UTC +04:00)
Mayın 6-də Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Mayın 6-də Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri nümayiş olunacaq.

Müəllifin Bakıda açılan ilk fərdi sərgisində ümumilikdə 26 əsər təqdim ediləcək. Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görə biləcəklər. Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunacaq.

Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda "Böyük iyirmilik" ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin tarixdə L.Cenkell zirvə toplantısı üçün "Böyük iyirmiliy"ə üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.

L.Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnib. Pleksiqlasdan istifadə etməklə "bükmə" texnikasına yiyələnmə L.Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan verib. Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var.

Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

L.Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi oktyabrın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti