...

"YAY" qalereyasında əfqan rəssam Reza Həzarenin "Anesteziya" adlı fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 11 Sentyabr 2014 14:04 (UTC +04:00)
Sentyabrın 10-da "YAY" Sərgi Salonunda Azərbaycanda yaşayıb fəaliyyət göstərən əfqan rəssam Reza Həzarenin fərdi sərgisi açılıb.
"YAY" qalereyasında əfqan rəssam Reza Həzarenin "Anesteziya" adlı fərdi sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Sentyabrın 10-da "YAY" Sərgi Salonunda Azərbaycanda yaşayıb fəaliyyət göstərən əfqan rəssam Reza Həzarenin fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

"Anesteziya" adlı sərgi çərçivəsində rəssamın qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirən yeni rəsmləri nümayiş olunub.

Əfqan qaçqın olan Reza Həzare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. 2005-ci ildə Reza Tehran Ali Təsviri İncəsənət Məktəbini bitirib, sonra isə təhsilini davam etdirmək məqsədilə Azərbaycana təşrif buyurub. 2012-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını qurtarıb.

Rezanın ərsəyə gətirdiyi işlərdə keçmişlə indiki zaman arasında mövcud olan gərginlik hisslərinə - dini və dünyəvi həyat tərzi arasında çarpışmaya və onun təməlini təşkil edən ənənə və müasirlik arasında olan münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrandan Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda, ölkəsində tüğyan edən böhranı izləyirdi.

Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənə və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq etdi. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanı oldu. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir. Rezanın mənsub olduğu nəsil qürbətdə doğulub boya-başa çatdı və yaşadığı ölkələrlə heç bir əlaqəyə malik deyil. Misal üçün, İranda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş haqlarına sahib deyil. Həmçinin, bu insanlar öz Vətənində - Əfqanıstanda da qəbul olunmur, çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb fərqli mədəni dəyərlərə malik olan insanlar sayılır. Bunun nəticəsində onlar heç bir ölkədə kök sala bilmir və daimi mühacirət ağrısı ilə yaşayır.

Müharibədən sonrakı dövrdə yaşayan insanlar illərdir ki, qaçqın statusu ilə həyat sürürlər, çox zaman həyatlarını yenidən sıfırdan başlamağa məcburdur, yeni ixtisaslara yiyələnməlidir və kənar təzyiqlərə tab gətirməlidir. Yaşadıqları ölkələrdə təməl vətəndaş haqlarına malik olmamaları və ailələrdən ayrılmaq məcburiyyəti həmin insanları qatma-qarışıq vəziyyətə sürükləyir. Siyasi və sosial çətinliklərlə rastlaşdığı zaman bu insanlar özlərini yalnız və təcrid olunmuş hiss edir və ətraflarında cərəyan edən hadisələrə biganə yanaşır.

Zaman keçdikcə əfqan qaçqınlar da özlərini ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda, doğma ölkələri viran olduğundan və oraya qayıtmaq imkanları olmadığından mənlik hisslərini tədricən itirir. Əfsuslar olsun ki, belə bir biganəlik hətta həyatlarında ağır vəziyyətlərin öhdəsindən gələn insanlarda da müşahidə olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son nəticədə onları yenidən zülmətə düçar edir. Reza Həzarenin "Anesteziya" adlı fərdi sərgisi kəsilən ağrının sakit əks-səda verdiyi və başlanğıc nöqtəsində bitən səyahətə istinad edir.

Sərgi 2014-cü il oktyabrın 26-dək tamaşaçıların ixtiyarında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti