Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Yaxın günlərdə Ağstafa şəhərində ud musiqi aləti formasında yeni musiqi və incəsənət mərkəzinin binasının tikintisinə başlanılacaq.
Ağstafa rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, mərkəzin tikintisi üçün 1 hektar ərazi ayrılıb. Ərazidə yeni bina ilə yanaşı, incəsənət parkının yaradılması, həmçinin geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaq. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otaqlarının olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaq.
Rayonda mövcud olan Hüseyn Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbi 1974-cü ildən fəaliyyətə başlayan və Ağstafa şəhər 1 saylı orta məktəbin yardımçı binasında yerləşirdi. Binanın qəzalı və şəraitsiz olması yeni binanın tikintisinə ciddi ehtiyac yaradıb. Azərbaycanın görkəmli şairinin adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının tikintisinin başlaması rayonun mədəni ictimaiyyəti üçün əhəmiyyətli olmaqla yanaşı, burada təhsil alan 200 şagirdin sayının 350-yə çatdırılmasına da şərait yaradacaq.
Prezident İlham Əliyevin 30 iyun 2014-cü il tarixli "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı ilə Ağstafa şəhərində musiqi mərkəzinin yeni binasının tikintisi məqsədi ilə vəsait ayrılıb.
Ud formasında olan musiqi və incəsənət mərkəzinin gələn ilin may ayında istifadəyə veriləcəyi gözlənilir.