...

Bakıda Tamara Kvesitadzenin fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 18 Aprel 2015 17:33 (UTC +04:00)
Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb. Sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.
Bakıda Tamara Kvesitadzenin fərdi sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb. Sərgi "Kukla" Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq qeyd edib ki, gürcü rəssamın ilk fərdi sərgisi "Kukla" Art-qalereyasının ikiilliyinə həsr olunub: "Onun əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə "Əli və Nino" adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib".

T.Kvesitadze əslən Tbilisidəndir, hazırda ABŞ-da yaşayır. İxtisasca arxitektordur, Tbilisi Texnoloji Universitetini bitirib. Bir müddət, keçən əsrin 90-cı illərində İtaliyada yaşamalı olub, orada Venesiya karnavalının gözəlliyinə heyran olub. Bu heyranlıq onda kukla hazırlamağa həvəs oyadıb. Əsərlərinin əsas cəhəti hərəkətə meyillilikdir. Dünyada kuklaların əksəriyyətinə statikliyi lap əvvəldən qəbul etməyən T.Kvesitadze sanki öz həyatını yaşayan, tamaşaçı qarşısında səhnələr göstərən kuklalar düzəltməyə başlayıb. İtaliyadan ABŞ-a köçdükdən sonra həmkarları Paata Sanaya və Zura Ququlaşvili ilə birlikdə "Tamara studiyası"nı açıb. Rəssamı həyatın dövr etməsinin rəmzi kimi hərəkətli olmaq ideyası daim düşündürürdü və o, kuklalar düzəltməkdən heykəltəraşlığa keçib. O, öz əsərlərini dinamik heykəllər adlandırır.

T.Kvesitadzenin bu əsərləri geniş ictimaiyyətə 2007-ci ildə 52-ci Venesiya sərgisində təqdim olunub. Rəssam hərəkət edən fiqurlardan ibarət kompozisiyasına çox simvolik ad verib: "Re-Turn". Bu işlərinin arasında "Kişi və qadın" adlı cüt heykəl də vardı (onun başqa adı "Məhəbbət"dir). Sonradan, 2011-ci ildə bu heykəl Batumiyə gətirilib və Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə ona "Əli və Nino" adı verilib.

Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri məxsusi "Kukla" qalereyası üçün hazırlanıb: "Qadın və Mələk", "Oxatan", "Qırmızı və mavi", "Balerina" və sair.

T.Kvesitadze deyir: "Mən ilk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun".

Sərgi aprelin 30-dək nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti