...

YAY Qalereyasında rəssam Fərhad Fərzəliyevin fərdi sərgisi açılacaq

Mədəniyyət Materials 18 Noyabr 2015 12:19 (UTC +04:00)
YAY Qalereyası gənc rəssam Fərhad Fərzəliyevin “Yeganə Pələngin Mənəm” adlı ilk fərdi sərgisinin açılışını məmnunluqla elan edir.
YAY Qalereyasında rəssam Fərhad Fərzəliyevin fərdi sərgisi açılacaq

Bakı. Trend:

YAY Qalereyası gənc rəssam Fərhad Fərzəliyevin "Yeganə Pələngin Mənəm" adlı ilk fərdi sərgisinin açılışını məmnunluqla elan edir.

Fərhad Fərzəliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını 2010-cu ildə bitirib. 2007-ci ildə Drezden Milli qalereyasında "Steps of Time" sərgisi, 2012-ci ildə Bakıda "ZAVOD" sərgisi, 2014-cü ildə Şarja İslam İncəsənəti Festivalı, 2015-ci ildə Moskva Müasir İncəsənət Biennalesi, 2014-cü ildə Moskva Müasir İncəsənət Gənclər Biennalesi, 2014-cü ildə Londonda Saatchi qalereyasında "Start Art Fair" sərgisi, 2015-ci ildə "Səmadan bir damla" adlı 3-cü Bakı pablik art festivalı kimi qrup layihələrdə iştirak edib. 2015-ci ildə Rusiyanın Perm şəhərində yerləşən PERMM muzeyində Azərbaycan müasir incəsənətinin "Konfet dağlar, neftli sahillər" qrup sərgisində həm rəssam, həm də kurator kimi iştirak edib.

Rəssam müxtəlif janrlarda işləyir, diqqətini əsasən yeni mediada cəmləyir: video və fotoqrafiyadan saund-instalyasiyalaradək, öz yaradıcılığında neon və tekstildən tutmuş redi-meyd obyektlərədək müxtəlif materiallardan istifadə edir.

Rəssam, real dünyanın dərk edilməsi üsulu kimi incəsənətin cavablar verməkdən daha çox suallar irəli sürməsi fikrini özünün ilk fərdi sərgisinin leytmotivi edib. "Yeganə Pələngin Mənəm" - vəhşi təbiətin və qadın tərəfindən yaradılmış süni pişik obrazının sanki bir-biri ilə rəqabət apardığı antropoloji təhlildir. İnsanın təbiətdən ilhamlanaraq yaratdığı teksturalar "kitç" sayağı bəsitliyə gətirilib çıxarılıb. Sərgidə təqdim edilən videoya musiqili müşayiət - orta əsrlərdə izafi açıq-saçıqlığına görə qadağan olunmasına cəhd edilən şirnikdirici rəqs "Sarabanda" - burada yeni məna əldə edir. Həmin o "yeganə pələngin" səsi yalnız sərginin adında öz mövcudluğundan xəbər verirsə, rəqs isə artıq iki tərəf müqabilinin qarşılıqlı əlaqəsi olmur və getdikcə daha çox ovu xatırladır.

Ekspozisiyaya obyektlər, video, səs və rəssamın qalereya otağını konseptual olaraq transformasiya etdiyi məkan instalyasiyası daxil olacaq.

Sərgi noyabrın 19-da açılacaq və 2016-cı il yanvar ayının 10-dək davam edəcək.

Qalereyanın iş saatları: çərşənbə axşamı - bazar günü, saat 12:00 - 20.00
Ünvan: Bakı, İçəri şəhər, Kiçik Qala küç., 5
www.yaygallery.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti