...

Rəşad Ələkbərovun “Something From Nothing” sərgisi

Mədəniyyət Materials 10 Fevral 2016 12:19
Münaqişə, filosofların fikrincə, düşünən insanın həyatına xas olan zəruri atributdur, özü də adamın uşaq çağlarında yaranıb son nəfəsinə kimi zərurətini itirməyən bir atribut.
Rəşad Ələkbərovun “Something From Nothing” sərgisi

Trend-i buradan izləyin

Bakı. Trend:

Münaqişə, filosofların fikrincə, düşünən insanın həyatına xas olan zəruri atributdur, özü də adamın uşaq çağlarında yaranıb son nəfəsinə kimi zərurətini itirməyən bir atribut. Dialektikaya görə, ziddiyyət - inkişafa yol açan zəruri məntiq formasıdır. Münaqişələr valideynlə övlad, ərlə arvad arasında da yaranır, iş yoldaşları arasında da, qarşıdurmaya qurşanan dövlətlər, siyasi liderlər arasında da, informasiya cəbhəsində də - bu siyahının sonu-nəhayəti yoxdur.

İnformasiya texnologiyalarının sürətli inkişafı ona gətirib-çıxarır ki, yeni-yeni ziddiyyətlərin yaranması üçün getdikcə daha az səy göstərmək lazım gəlir. Söz - Üçüncü Dünya müharibəsində ən çox istifadə olunan silah olmuşdur. Bugünün moyralarında artıq heç bir ilahəlik əlaməti qalmayıb. Onlar eşitdiyimiz, gördüyümüz, yazdığımız, oxuduğumuz saysız-hesabsız sözlər vasitəsilə ayrı-ayrı insanların, şirkətlərin, dövlətlərin ömür ipini əyirirlər, müharibələri başladır və bitirirlər, özü də redaksiya kabinetlərində, göydələnlərin başında və ya öz evlərində otura-otura bunu edirlər. Öz mənafeyi üçün çalışan müxtəlif qüvvələrin təbliğatı başdan aşır, çaşdırır, üstümüzə inanılmaz sayda yoxlanmamış və qərəzli məlumatlar yağdırır və nəticə etibarilə, adamlar Erix Frommun "ziddiyyətlə üzləşən insanın passiv qala bilməz" sözlərini təkzib edirlər. İnsan məruz qaldığı aramsız məlumat səs-küyündən bezir, ondan uzaqlaşmağa, bu basqından gizlənməyə çalışır. Ancaq hər gün, hər saat, hər dəqiqə qəbul etməli olduğumuz məlumatın həcmi artıq nəzarətdən çıxmışdır. Söz-söhbətlər, sosial şəbəkələrdə yayılan xəbərlər, bloqqerlərin məlumatları, liderlərin iddiaları, televiziya görüntüləri, qəzetlərin və onlayn mənbələrin yaydığı xəbərlər daha gerçəklik kimi qarşılanmır. Münaqişə artıq insanın öz beynində cərəyan edir. Biz daha həqiqəti yalandan ayıra bilmirik, hər işdə qəsd-qərəz görürük, onun kimə sərfəli olduğunu başa düşmürük (hərçənd, onun mütləq kiminsə xeyrinə olduğuna əminik).

Rəssam Rəşad Ələkbərov artıq uzun müddətdir ki, öz yaradıcılığında işıqla kölgənin, simvolla mətnin, sözlə mənanın oyunu üzərində tədqiqatlar aparır. "Something From Nothing" sərgisi rəssamın dünyada baş verənlərə cavab reaksiyası olmuşdur - siyasətdən uzaq duran, hətta tam əksinə - bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiya. Rəssam, XXI əsrdə bəşəriyyəti informasiya xaosunda boğulan dünyaya gətirib-çıxarmış təkamül yolunu təhlil etməyə cəhd göstərir. Rəşad Ələkbərovun qalereya divarlarındakı şəkillərində "homo sapiens"in əldə etdiyi bütün nailiyyət və kəşflər - od yandırmaq üsullarından tutmuş, təkərin icad olunmasına kimi - bizi tədricən televiziya, radio və internetin yaranmasına gətirən xırda addımlara dönür.

Rəşadın yaradıcılığına xas olan metal instalyasiyalar da divardakı rəsmlərlə səsləşir. İşıqla kölgənin oyunundan doğan yazılar divarda təzahür edərək, bizi unutduğumuz dözümlüyə, təmkinliyə, həqiqi dəyərlərə qayıtmağa çağırır. Sərginin mərkəzi əsəri olan "Something From Nothing" (mənası: "Yox yerdən təzahür etmiş") instalyasiyası Facebook, Twitter, YouTube kimi meqafonların ahəngsiz xalq səsini yorulmadan gücləndirib yaydığını simvolik tərzdə ifadə edir.

Sərgi fevralın 12-də YAY qalereyasında açılacaq və martın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti