...

Vilnüsdə Azərbaycan xalq sənət əsərlərinin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 16 Fevral 2018 15:58 (UTC +04:00)
Vilnüs şəhərində Azərbaycan xalq sənət əsərlərinin təqdimatı keçirilib.
Vilnüsdə Azərbaycan xalq sənət əsərlərinin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan xalq sənət əsərlərinin təqdimatı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə xalq sənət əsərlərinin sərgisi təşkil olunub. Sərgidə, sənət əsərlərindən nümunələr – xalqımızın adət və ənənələrinin təsvir olunduğu kompozisiyalar, neftlə çəkilmiş rəsm əsərləri, musiqi alətləri, xalçalar, kəlağayı, suvenirlər və bir çox xüsusi əl işləri nümayiş etdirilib.

Tədbridə Litvanın turizm və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri, ixtisaslaşmış mütəxəssisləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, kütləvi informasiya vasitələrinin əməkdaşları, Litvada işgüzar səfərdə olan Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək, tədbirin Azərbaycan Xalq Cumhuriyyətinin və Litva dövlət müstəqilliyinin bərpasının 100 illiyinə həsr etdiklərini qeyd edib, tədbir iştirakçılarına ölkəmizin mədəniyyət və incəsənətindən bəhs edərək, son illər vüsətlə inkişaf edən Azərbaycanın turizm potensialından danışıb. O, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyinin nümayəndə heyətinin, hal-hazırda Litvada işgüzar səfərdə olduğunu, bu ölkənin müxtəlif şəhərlərində, Vilnüs, Druskininkay, Trakay, Briştonasda görüşlər keçirdiyini qeyd edərək, nümayəndə heyətinin tərkibində olan Gəncə, İsmayıllı, Şəmkir, Kürdəmir, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarələrinin rəhbərləri Litvanın turizm potensialının idarə olunması, marketinqi kimi sahələrdə təcrübə mübadiləsi apardıqlarını bildirib.

Tədbir çərçivəsində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Huseynov Qəbələ şəhərinin 2020-ci il üçün İƏT ölkələrinin Turizm Paytaxtı seçilməsi ilə əlaqədar şəhər və bölgə haqqında video təqdimat edib, bölgənin tarixi, mədəniyyəti və turizmi haqqında geniş məlumat verib.

Tədbir konsert proqramı ilə davam edib. Litvanın tanınmış müğənnilərindən olan Litva İncəsənət və Musiqi Akademiyasının dosenti Yudita Leitaite Azərbaycan və Litva mahnılarını səsləndirib, birbinə Litva xalq musiqi alətinin mahir ifaçısı Nikodemas Vaineikis və Paulina Daukşite skripkada Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Fikrət Əmirovun əsərlərindən parçalar ifa ediblər.

Tədbir iştirakçılarına və qonaqlara Azərbaycan təamları, şirniyatlar, şəkərbura, paxlava, halva çeşidləri, şərab və içkilər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti