Bakı. Trend:
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə, 7-14 mart tarixlərində Azərbaycanda “Muğam aləmi” V Beynəlxalq Muğam festivalı keçiriləcək.
Trend-in məlumatına görə, martın 7-də Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının açılış konserti baş tutacaq.
Festivalın açılış konsertində əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Konsertdə Gülyaz Məmmədova, Emil Əfrasiyab, Firuz Səxavət, Afaq Abbasova, İlkin Əhmədov, Rəvanə Qurbanova, Aşıq Babək Şakirli və başqaları iştirak edəcək.
İfaçılar görkəmli bəstəkarlar Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, M.Maqomayev, C.Hacıyev və F.Əlizadənin opera və operettalarından parçalar və Azərbaycan xalq mahnılarını səsləndirəcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-60 manat təşkil edir.
Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən, www.iticket.az saytından onlayn, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Qeyd edək ki, Festivalın bədii rəhbəri xalq artisti, professor Firəngiz Əlizadədir. Festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında elmi simpozium, tanınmış muğam ifaçılarının iştirakı ilə konsertlər, Azərbaycan Milli Konservatoriyasında gənc ifaçılar üçün V Beynəlxalq muğam müsabiqəsi keçiriləcək.